Sığorta şirkəti prezidentin sərəncamını saymır

Sığorta şirkəti prezidentin sərəncamını saymır

“İNFONEWS” “Adalet.az” -a istinadən xəbər verir.

Birinci qrup əlil, Qarabağ müharibəsi qazisi Kazımov Bəxtiyar Abış oğlu Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqil Abbasova müraciət edib.

Bəxtiyar Kazımov müraciətində bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş Birinci Qarabağ müharibəsi zamanı birinci qrup əlil kimi ona veriləcək 8800 manat məbləğində sığorta pulunu ala bilmir.

Kazımov Bəxtiyar Abış oğlu bununla bağlı dəfələrlə sığorta şirkətinə və aidiyyatı qurumlara müraciət etməsinə baxmayaraq qanuni haqqının icra olunmasına nail ola  bilməyib. Əlacı kəsilən Kazımov Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.

Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsi, hakim Ceyhun Tağıyevin sədrliyi ilə 29 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Komissiya Şirkətindən 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul tutularaq iddiaçı Kazımov Bəxtiyar Abış oğluna ödənilməsi barədə qətnamə çıxarıb.

Lakin Dövlət Sığorta Komissiya Şirkəti Azərbaycan Respublikası Prezidentinin sərəncamını və Bakı şəhər, Nəsimi Rayon Məhkəməsinin qətnaməsini bugünədək saya saymamaqda davam edir.

Bəxtiyar Kazımovun deputata müraciəti araşdırılması üçün aidiyyatı orqanlara göndəriləcək. Sadəcə, prezidentin sərəncamını və məhkəmə qətnaməsini icra etməkdən imtina edən sığorta şirkətinin kimə və nəyə arxayın olmağı çox maraqlıdı.

Dövlət Sığorta Komissiya Şirkətinin nəzərinə çatdıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, məhkəmə qətnaməsinin yerinə yetirilməməsi cinayət məsuliyyəti yaradır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir