Etiraz doğuran qanun layihələrinə görə dinləmə keçiriləcək
Bu həftə ərzində Milli Məclisin bir neçə komitəsinin birgə iclasında dinləmə keçiriləcək.
“İNFONEWS” oxu.az-a istinadən xəbər verir ki, dinləmə əlillik təyinatının müəyyənləşdirilməsi ilə bağlı 60-a yaxın qanuna təklif edilən dəyişikliklərlə əlaqədardır.
Qanunlara dəyişikliklər ikinci oxunuşda ciddi etirazlar doğurduğu üçün üçüncü oxunuşda sənədlərin daha geniş tərkibdə müzakirəsi gözlənilir.
Dinləmədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin də iştirakı gözlənilir.
Qeyd edək ki, Milli Məclisin iyunun 11-də keçirilən iclasında həmin qanun layihələrinin ikinci oxunuşda müzakirəsi zamanı bir neçə deputat etirazlar səsləndirmişdi.
Dəyişikliklərə əsasən, qanunlardakı “əlillik dərəcəsi” sözləri “insan orqanizminin funksiyalarının itirilməsi faizi” sözləri ilə əvəzlənir.
“I, II və III dərəcə” sözlərinin “orqanizminin funksiyalarını 31-100 faiz itirmiş” sözləri ilə, “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözlərinin “18 yaşınadək əlilliyi olan şəxslər” sözləri ilə əvəzlənməsi təklif olunur.