Məsuliyyətsizliyi ilə gələcəyin əsgərini öldürən səhiyyəmiz və xilaskarlarımız MƏQSƏD NƏDİR???
“İNFONEWS” İnformasiya Agentliyi və İctimai Nəzarət Mərkəzi İB-in birgə məlumatı:
Xəbər verilir ki, 14.06.2021-ci il tarixində Novxanı-Sumqayıt yolunun kənarında, Xəzər dənizi sahilində boğulma hadisəsi baş verib. Hadisə ilə bağlı vətəndaşlarla yanaşı İctimai Nəzarət Mərkəzinin əməkdaşları da dərhal FHN və TTTYS rəsmilərinə məlumat verərək hadisə yerinə təcili yardım briqadasının eləcə də xilasedicilərin cəlb edilməsini xahiş ediblər.
Qeyd edək ki, boğulan 3 şəxsdən 2-i ətrafdakı vətəndaşlar tərəfindən tam xilas edilib. Digər şəxs isə qismən hərəkətli, huşsuz şəkildə sudan çıxarılıb. Xəstə sudan çıxarıldıqdan 20-25 dəqiqə sonra FHN-in xilasediciləri, 35-40 dəqiqə sonra isə Sumqayıt Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası hadisə yerinə yaxınlaşıb. Təcili yardımın hadisə yerinə gec yaxınlaşmasının səbəbi ərazi FHN xilasetmə məntəqəsinin rəisi Ramil Quliyevin onları dayandırması olub. Belə ki, əməkdaşlarımız təcili yardım həkimi ilə əlaqə saxlayarkən həkim sözügedən vəzifəli şəxs tərəfindən hadisə yerinə gəlmələrinə icazə verilmədiyini bildirib. Səbəb olaraq isə, “boğulma hadisəsidir, batan şəxsi sudan çıxarmaq lazımdır, orda TTTYS əməkdaşlarının köməklik edəcəyi bir şey yoxdur” deyə bildirilib. Əməkdaşımız özünü təqdim etdikdən, eləcə də boğulan şəxsin vətəndaşlar tərəfindən çıxarıldığını həmçinin təcili olaraq briqadaya ehtiyacın olduğunu bildirdikdən sonra Ramil müəllim biraz düşünərək müvafiq icazəni verib.
Yalnız bundan sonra əraziyə yaxınlaşan və xəstənin həyatından daha çox avtomobilin qumda bata biləcəyinin “dərdini çəkən” TTTYS briqadasının avtomobilində xəstə üçün həyati önəm kəsb edən oksigen balonu və digər lazımi tibbi ləvazimatlar mövcud olmayıb. Hələ bu da azmış kimi gələn həkimlər nəbzi zəif atan və azda olsa nəfəs alan xəstəyə 3-5 metr məsafədən fala baxırmış kimi “ölüdü e bu” deyərək camaatı dahada hay-küyə salıblar. Növbəti şikayətlərdən nəticə çıxararaq əraziyə 10 dəqiqədən sonra 2-ci TTTYS briqadası yaxınlaşsada onlarda heç bir köməklik göstərməyiblər. “Artıq gecdir” deyərək başları vətəndaşlarla dalaşmağa qarışan həkimlər və tibb bacıları birdə onda ayılıb ki, artıq xəstə son nəfəsindədir. Yalnız bundan sonra xəstəni təcili yardım maşınına yerləşdirərək xəstəxanaya aparıblar. Əldə etdiyimiz son məlumata görə xəstə həyatını itirib.
Xülasə, bu şəxslər öz məsuliyyətsizlikləri ilə gələcəyin əsgəri bəlkədə zabiti olacaq gənc bir Azərbaycan vətəndaşının həyatına son qoydu. Biraz əvvəl məktəbdəki son zəngdə iştirak etmiş 12 yaşlı bir şagirdin həyatına son zəngi çaldılar. Səbəbkarlar isə bəllidir, məsuliyyətsiz Sumqayıt TTTYS və əməkdaşlarımızla kobud şəkildə danışaraq TTTYS avtomobilini hadisə yerinə buraxmayan FHN xilasetmə məntəqəsinin rəisi Ramil Quliyev.
Məsuliyyətsizlik belə davam etsə hələ çox gənclərin həyat işığı birdəfəlik sönəcək.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Videokadrları təqdim edirik: