“Qarabağ” ordeni şəhidin ad günündə ailəsinə təqdim edildi

“Qarabağ” ordeni şəhidin ad günündə ailəsinə təqdim edildi 

Azərbaycan prezidentinin sərəncamı ilə “Qarabağ” ordeni və bir neçə döyüş medalı ilə təltif olunmuş şəhid gizir Sadıqlı İbrahim Şahin oğlunun ad günündə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu, şəhidin ailə üzvləri, dostları, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gələrək onun məzarını ziyarət edib, önünə çələng və qərənfillər düzüblər.

Müdafiə Nazirliyindən “İNFONEWS-a verilən məlumata görə, din xadimi şəhidlərin ruhuna dualar oxuyub, nə qədər Azərbaycan var, Azərbaycan xalqı var onların əbədi yaşayacağını qeyd edib.

Müdafiə Nazirliyin əməkdaşı polkovnik Abdulla Qurbani 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində qazanılan böyük Zəfərin tarixi əhəmiyyətindən danışıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şəhidlərin intiqamının düşməndən döyüş meydanında alındığını bildirib.

Nəzərə çatdırılıb ki, gizir İbrahim Sadıqlı da Vətən uğrunda döyüşlərdə şəhadət zirvəsinə ucalan igid oğullarımızdandır. O, 28 iyun 1993-cü ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət keçib. 2016-cı ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Gizir hazırlığı kursu”nu bitirdikdən sonra ona “gizir” hərbi rütbəsi verilib.

Təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın azad edilməsi naminə başlanan “Dəmir Yumruq” əməliyyatının ilk günündən komandiri olduğu bölmə Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrinin azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlar zamanı düşmənə canlı qüvvə sarıdan xeyli itkilər verib, mərdlik və igidlik nümunələri göstərib.

2020-ci il oktyabrın 3-də Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən gizir İ.Sadıqlı şəhid olub və böyük izdihamın iştirakı ilə, hərbi və dini ənənələrə uyğun olaraq son mənzilə yola salınıb.

Vətən müharibəsinin iştirakçısı mayor Rüfət Məmmədov, el ağsaqqalı Hacı Mirmehdi, ictimaiyyət nümayəndələrindən Elman Qasımov, Gülbahar İbrahimova, Nəriman Xudiyev, Hacı Məmmədov, dostları Rəvan Bağırov, Həsən Eyvazov, Azər Əliyev çıxış edərək şəhid İ.Sadıqlı haqqında xatirələrini söyləyib, onun vətənpərvər bir gənc olduğunu, qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirdiyini, həm mülki həyatda, həm də hərbi kollektivdə səmimiliyi, döyüşkənliyi, peşəkarlığı, eləcə də yüksək mənəvi və iradi keyfiyyətləri ilə ad çıxardığını xüsusi qeyd ediblər.

Şəhidin qardaşları Vüqar İbrahim və Ərrəhman Sadıqlı ailənin sonbeşiyi olan qardaşları İbrahimlə qürur duyduqlarını, onunla fəxr etdiklərini və Müzəffər Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını vurğulayıblar. Şəhid atası şair Nizami Elyanar Göyçəli bu il ilk dəfə olaraq 26 İyun – Silahlı Qüvvələr Gününü qalib bir dövlətin vətəndaşı kimi qeyd etdiyindən böyük qürur hissi keçirdiyini diqqətə çatdırıb və şəhidlərin ölməzliyi barədə şeir oxuyub.

Azərbaycan Ordusunun şəhid giziri İ.Sadıqlının ad günündə ölümündən sonra layiq görüldüyü “Qarabağ” ordeni ailəsinə təqdim olunub.
Şəhidin anası Zərniyar Əhmədağa qızı və atası Şahin müəllim oğlunun xidmətlərinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyinə və göstərilən diqqətə, qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, şəhid ailələrinə həmişə dəstək olan Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, bundan sonra da ailənin hər bir üzvünün şəhid İbrahim Sadıqlı kimi Vətənə, dövlətə, Müzəffər Ali Baş Komandana sadiq olacaqlarını bəyan ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir