Sabahdan “Sədərək” ticarət mərkəzinə yeni avtobuslar işləyəcək
Sabahdan 211 nömrəli müntəzəm marşrut xətti (Aşıq Molla Cümə küçəsi-“Sədərək” ticarət mərkəzi) üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə məxsus 12 metrlik müasir, sərnişindaşıma tələblərinə cavab verən avtobuslarla icra ediləcək.
“İNFONEWS” xəbər verir ki, sərnişin tələbatı nəzərə alınaraq marşrutun başlanğıc dayanacaq məntəqəsi dəyişdirilib. Belə ki, 211 nömrəli xətt üzrə avtobuslar qeyd olunan tarixdən Aşıq Molla Cümə küçəsindən başlayaraq hərəkət edəcək.
Son dayanacaq məntəqəsilə bağlı dəyişiklik çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq həyata keçirilib. Dəyişiklik sayəsində 211 nömrəli marşrut xəttindən gündəlik istifadə edən orta hesabla 12 min nəfərdən artıq sərnişinin daha təhlükəsiz və rahat daşınması mümkün olacaq.
Xətt üzrə avtobuslarda gediş haqqı nağdsız qaydada “BakıKart” vasitəsilə həyata keçiriləcək. Xətt üzrə tarif 0.35 AZN müəyyən olunub.