Dünya şöhrətli azərbaycanlı alim vəfat edib

Dünya şöhrətli azərbaycanlı alim vəfat edib

Dünya şöhrətli azərbaycanlı alim, arxeoloq Rauf Munçayev vəfat edib.

Bu barədə “Report”a AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, R.Munçayev Rusiyanın paytaxtı Moskvada 93 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rauf Maqomedoviç Munçayev 1928-ci il sentyabrın 23-də Zaqatalada anadan olub. O, 1945-49-cu illərdə Dağıstan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində, 1949-1953-cü illərdə Moskvada SSRİ EA Maddi Mədəniyyət İnstitutunun (indiki Arxeologiya İnstitutu) aspiranturasında arxeologiya ixtisası üzrə təhsil alıb. 1953-cü ildə tarix elmləri namizədi, 1971-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

Ötən əsrin 60-cı illərində R.Munçayev ardıcıl olaraq Əfqanıstan, Bolqarıstan, Hindistan və Monqolustanda arxeoloji qazıntılarda iştirak edib. O, 1969-cu ildən 2010-cu ilədək qədim Mesopotamiya abidələrini tədqiq edən ilk Sovet-Rusiya arxeoloji ekspedisiyasının rəhbəri olub. Bu ekspedisiya 1985-ci ilə qədər İraqda, 1988-2010-cu illərdə isə Suriyada e.ə. VIII-III minilliklərə aid abidələrdə arxeoloji qazıntılar aparıb.

R.Munçayev 20 ildən artıq bir müddətdə (1968-1991) SSRİ kimi nəhəng bir ölkənin Elmlər Akademiyasının Arxeologiya İnstitutu direktorunun elmi işlər üzrə müavini vəzifəsində çalışıb. 1991-1994-cü illərdə artıq Rusiya EA-nın Arxeologiya İnstitutunun direktoru vəzifəsini icra edib, 1994-2003-cü illərdə isə həmin institutun direktoru vəzifəsində işləyib.

Dünya şöhrətli arxeoloq R.Munçayev gərgin və məhsuldar elmi fəaliyyətinə görə Rusiya Federasiyasının bir sıra mükafatlarına layiq görülüb.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir