Bakı-Naxçıvan avtobuslarının fəaliyyət qaydaları açıqlandı
“İNFONEWS” xəbər verir.
Sabahdan etibarən İran İslam Respublikası ilə əldə olunmuş müvafiq razılaşmanın tələblərinə uyğun olaraq, Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə həyata keçirilməsinə hansı tələblərə riayət etməklə icazə veriləcəyi məlum olub.
Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edib.
Qərara əsasən, İran İslam Respublikası ilə əldə olunmuş müvafiq razılaşmanın tələblərinə uyğun olaraq, Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə həyata keçirilməsinə aşağıdakı tələblərə riayət etməklə icazə veriləcək:
– avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən COVID-19-a dair PCR testi barədə arayış tələb olunmur, ölkə ərazisində Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsinə gələn həmin sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testinin keçirilməsi məqsədilə yaxma götürülür və Azərbaycan Respublikasının vətəndaşları üçün bu müayinələr ödənişsiz əsaslarla aparılır;
– səfər zamanı daşıyıcı, sərnişinlər və sərnişin avtonəqliyyat vasitəsinin işçi heyəti tərəfindən xüsusi karantin rejiminin tələblərinə və koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə çərçivəsində qəbul edilmiş tələblərə əməl edilməsi məcburidir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Qərardan irəli gələn zəruri məsələləri həll etməlidir.