“Rəqəmsal Jurnalistikaya doğru”nun növbəti mərhələsinə start verilib
“İNFONEWS” xəbər verir.
Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “PAŞA Holdinq”in sponsorluğu ilə həyata keçirilən 3-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramı çərçivəsində dördgünlük seminarlara yekun vurulub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iyulun 13-dən 16-dək ASAN Təlim–Tədris Mərkəzində təşkil olunan seminarlarda “Ənənəvi mediadan rəqəmsal mediaya”, “Medianın əsasları”, “Sosial medianın jurnalistikada istifadəsi”, “Blogerliyin əsasları”, “Qlobal rəqəmsallaşmada Azərbaycan”, “myGov” elektron hökumət portalı”, “e-gov.az” portalı”, “ASAN Login” Vahid Giriş Sistemi, “ASAN Finans”, “ASAN ödəniş”, “ASAN Viza”, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”, “Startaplar”, “Süni İntellekt” mövzuları müzakirə olunub, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
İyulun 16-da seminarların son günündə ümumi mükafat fondu 2200 AZN təşkil edən müsabiqəyə start verilib. Müsabiqə çərçivəsində iştirakçılar tərəfindən aşağıdakı mövzular üzrə araşdırmalar hazırlanaraq kütləvi informasiya vasitələrində dərc olunmalıdır:
• “ASAN ödəniş” portalının funksionallığı və portala yeni xidmətlərin gətirilməsi üçün təkliflər;
• “ASAN Finans”ın vətəndaş və biznes qurumları üçün üstünlükləri;
• Bölgələrdə rəqəmsal savadlılığın artırılmasının həlli yolları;
• Özəl sektorda vətəndaşların işlərini rahatlaşdıracaq həllər;
• Mövcud elektron hökumət həlləri, onların gündəlik həyatımızda rolu və faydaları;
• Azərbaycanda tələbatı yüksək olan xidmətlərin elektronlaşdırılması;
• Elektron hökumət quruculuğunda istifadəçi (vətəndaş) iştirakının təmin edilməsi yolları;
• Rəqəmsal hökumətdə süni intellektin tətbiqi üzrə uğurlu nümunələr və ölkə üzrə təkliflərin verilməsi.
Hazırlanmış materiallar proqramın münsiflər heyəti tərəfindən təhlil edilərək qiymətləndiriləcək. Birinci, ikinci və üçüncü yerin qalibi proqramın mükafatlandırma mərasimində elan olunacaq.
“Rəqəmsal Jurnalistikaya doğru” proqramlarının əsas məqsədi kütləvi informasiya vasitələri nümayəndələrinin İKT, elektron dövlət xidmətləri, rəqəmsal həllər haqqında məlumatlılığını daha da artırmaq, eləcə də elektron xidmətlər sahəsində əhalinin bilgilərini daha da genişləndirməkdir.