Məşhur “Breakfast Show” verilişində “Mən QARABAĞLIYAM” deyən gənc xanım
“İNFONEWS” -un “ÖZÜNDƏN SORUŞDUQ” rubrikasının qonağı Səbinə Səmədovadır.
Qeyd edək ki, Səbinə Səmədova Misirdə Azərbaycan Diasporunun Gənclər üzrə koordinatorudur.
İNFONEWS: – Səbinə xanım, bayram ərəfəsində Sizi Misirin Nile Dövlət televiziya kanalında “Breakfast Show” verilişinin canlı yayımında izlədik. Söhbətinizi dinlədikcə, hətta səsinizin titrəyişindən Vətənimizə, Milli dəyərlərimizə olan sevginizi duymaq olar. Əminik ki, bu məhəbbət ailənizdən gəlir.
Səbinə Səmədova: – Mən doğma Bakımızda ziyalı ailəsində dünyaya göz açmışam. Məhz ailəmin dəstəyi və təhsilə verdiyi önəmdən irəli gələrəkdən, bir neçə universitetin məzunuyam. İlk ali təhsilimi Odlar Yurdu Universitetində “İdarəetmə və Maliyyə-kredit” fakultəsində (bakalavr) oxusam da, ikinci ali təhslimi Qafqazın ən reytinqli universiteti olan Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Beynəlxalq İqtisadi Münasibətlər” fakultəsində (bakalavr) almışam. Magistr pilləsinə Ukrayna Dövlət Daxili İşlər Universitetində davam edərək, oranı fərqlənmə diplomu ilə bitirmişəm. Çoxsaylı elmi məqalələrin müəllifiyəm. Həmçinin həmmüəllif olduğum kitablarım var.
Misirdə, Şəqrin ən ecazkar ölkəsində yaşamaq isə mənim üşaqlıq arzum olub. Xarici dil biliklərim üzərində davamlı işləməyim bu nağıllar məkanı mənim üçün daha da əlçatan elədi.
Hazırda ailəmlə Qahirə şəhərində yaşayıram, “Futures Education System”də müəllim və dilçilik üzrə baş mütəxəssis vəzifəsində işləyirəm. Eləcə də Azərbaycan Diasporunun Gənclər üzrə Misir koordinatoruyam.
İNFONEWS: – 44 günlük Vətən müharibəsi bütün dünyaya azərbaycanlıların həmrəyliyini nümayiş etdirdi. Siz də öz fəaliyyətiniz barədə danışardınız.
Səbinə Səmədova: – Müasir dövrümüzdə sosial şəbəkələr həyatımızda ən önəmli rol oynayir.
44 günlük müharibə dövründə bizim nə gecəmiz, nə də gündüzümüz oldu. Dayanmadan düşmənlərlə sosial arenada savaşdıq. Belə ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları ilə 24 saat əlaqəli fəaliyyət göstərdik. Geriyə dönüb baxanda çox çətin və zəruri işlərin öhtəsindən gəldik, lakin qalibiyyətimiz bütün yorğunluqları, əziyyətləri bizə unutdurdu.
Ali Baş Komandanımız, əziz Prezidentimiz İlham Əliyevin dediyi kimi, “Azərbaycan xalqı dəmir yumruq kimi güclü və birdir” – harda olmağımızdan asılı olmayaraq, biz birləşdik, düşmənə hərtərəfdən zərbələr endirdik.
Bu gün də qəlbimiz dirçələn Qarabağımızla, qüvvətlənən Vətənimizlə bir döyünür.
Erməni işğalından torpaqlarımızı qanı-canı bahasına azad edən igidlik rəmzi olan Şəhidlərimizə Allahdan rəhmət diləyir, ailələri qarşısında baş əyirik, bütün Qazilərimizə can sağlığı arzulayırıq. Həmişə yardım göstərməyə hazırıq.
İNFONEWS: – Zəhmət olmasa, “Breakfast Show” verilişinə dəvətiniz haqqında izləyicilərimizə məlumat verərdiniz. Xarıbülbül barədə söhbətiniz xüsusi marağa səbəb oldu desək, yanılmarıq.
Səbinə Səmədova: – Hər bir Azərbaycanlı soydaşımız ölkəmizdən kənar yaşayırsa, o artıq diaspor ailəsinin üzvü sayılır.
Mən də Azərbaycanımızın tanıtımı istiqamətində bir sıra işlər görürəm, mətbuatda və mediada mütamədi olaraq çıxışlar edir, yazılar yazıram. Hər ay bir neçə dəfə Misirin Dövlət telekanalinda və ya radiosunda xalqımız haqqında maraqlı məlumatlarla, təbliğat xarakterli informasiyaları paylaşıram.
Bu yaxınlarda Misirin Dövlət Nile TV kanalında canlı “Breakfast Show” verilişinə dəvət aldım. Orada özümü Qarabağlı qız kimi təqdim etdim. Verlişdə misirli tamaşaçılara milli geyimlərimiz, süfrəmizin bəzəyi olan şirniyyatlar, mürəbbələr, bənzərsiz tamı olan Azərbaycan çayı haqqında danışıb, ən gözəl nemətlərimizi nümayiş etdim.
Həmçinin Xarıbülbül gülü barədə də xeyli məlumat verərək, bu gülün yalnız Qarabağda bitməsini, bizim Zəfər rəmzimiz olmasını söylədim. Azərbaycanın tarixi, milli bayramları və turizm yerlərindən danışdım. Və sonda vurğuladım ki, iki dövlət – Azərbaycan və Misir arasında olan dostluq olduqca önəmlidir, qürurvericidir.
İNFONEWS: – Anladığımız qədər qarşıda görəcəyiniz işlər çoxdur. Və bu, çox sevindiricidir.
Səbinə Səmədova: – Qeyd edim ki, gördüyüm bütün işlərdə Ümummilli lider, Ulu öndərimiz Heydər Əliyevin “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir” -unudulmaz sözlərini həmişə əldə rəhbər tutarum. Maraqlı müsahibə və fəaliyyətimə göstərdiyiniz diqqətə görə, İNFONEWS komandasına öz dərin təşəkkürümü bildirirəm.
“İNFONEWS” komandası adından Misirdə, Qahirədə Azərbaycan sevincini, Qarabağ eşqini paylaşan, gənclər arasında dostluq, əməkdaşlıq istiqamətində yetərincə gözəl fəaliyyəti ilə nümunə olan Səbinə Səmədovaya təşəkkür edir, davamlı uğurlar arzulayırıq.
Verilişi izləyə bilərsiniz: