Ötən gün 302 toy şənliyinin monitorinqi aparılıb
“İNFONEWS” xəbər verir.
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri avqustun 6-da Bakı şəhərində və respublikanın digər ərazilərində 302 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, monitorinqlər 242 şadlıq sarayında, 60 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 68 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. Həmçinin 1 nəfər barəsində material baxılması üçün məhkəməyə göndərilib. COVID-19 pasportu olmadığına görə 2397 nəfər toy şənliklərinə buraxılmayıb.