“…əlimdə olanlarla Azərbaycan bayrağını hazırlamağa çalışdım”
İNFONEWS-un “ÖZÜNDƏN SORUŞDUQ” rubrikasının qonağı Sahil Musayevdir.
Sahil Musayev ən maraqlı sahənin – bu gün bütün dünyada trend olan əl işlərinin mahir ustasıdır.
İNFONEWS: – Sahil bəy, özünüz haqqında izləyicilərimizə məlumat verərdiniz.
Sahil Musayev: – Mən, Sahil Telman oğlu Musayevəm. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunuyam. Hazırda abstrakt rəssamlıqla məşğulam.
İNFONEWS: – Çox qeyri-adi, çətin bir işlə məşğulsunuz, əl işlərinizin adı nədir?
Sahil Musayev: – Belə əl işlərinə “Sap sənəti” deyilir. Düzdür, ixtisasım “Menecment” olsa da, mən özümü bu sənətdə kəşf etdim. Belə ki, ilk dəfə bu işi sosial mediada gördüm. Həmin dövrdə tablo üzərində ipək, eyni zamanda rəngarəng saplardan yaradılan sənət əsərləri diqqətimi çox cəlb edirdi. Və nəhayət, mən də əlimdə olan vəsaitlərlə Azərbaycanın bayrağını hazırlamağa çalışdım.
İNFONEWS: – Belə çıxır ki, ilk əl işinizi Azərbaycan bayrağını hazırlamaqla başlamısınız?
Sahil Musayev: – Bəli, heç özün də bilmədən ilk işimi vətənpərvərlik mövzusuna həsr etmişəm və bu gün buna çox sevinirəm. İlk tablomu bitirdikdən sonra ailəm və dostlarım hazırladığım işin yaxşı alındığını dedilər və sonradan bu sahəni davam etmək dəstəyini məhz onlardan aldım. Beləliklə, incəsənətə birinci addımımı atmış oldum, hətta sifarişlər almağa başladım.
İNFONEWS: – Əsərlərinizi sərgilərdə nümayiş etdirirsinizmi?
Sahil Musayev: – Bəli. Sərgilərdə iştirak etməyi çox sevirəm. Xüsusilə, “Xətai” və “YARAT” Sənət Mərkəzlərinin təşkil etdiyi sərgilərdə böyük məmnuniyyətlə iştirak edirəm.
İNFONEWS: – Əsərlərinizi necə ərsəyə gətirirsiniz, ideyanı haradan götürürsünüz?
Sahil Musayev: – Əksər hallarda işlərimin ideyası sifarişçilərdən gəlir və ya onların istəyinə uyğun hazırlanır.
İNFONEWS: – Sahil bəy, əl işinizi hazırladığınız qədər satımağı da sevirsiniz?
Sahil Musayev: – Xaricdə bu işlər, sifarişlər olduqca bahadır, gerçəkdən də, tablolar böyük zəhmət, zaman və hövsələ tələb edir. Lakin mən bu tabloları hər kəsin ala biləcəyi qiymətə hazırlayıram. Məni gördüyüm işin maddi tərəfindən çox, yaratdığım tabloların hər evdə göz oxşaması maraqlandırır. Hörmət etdiyim və mənim üçün dəyərli olan insanlara, onların özəl, xoş günlərində öz tablolarımdan hədiyyə etməyi çox sevirəm.
İNFONEWS: – Maraqlıdır, hər əl işinin hazırlanmasına nə qədər zamanınız gedir?
Sahil Musayev: – Ən uzun müddətə hazırladığım tablo sifariş götürdüyüm məşhur Adriano Çelentanonun portreti olub və demək olar ki, bu tablonun üzərində 3 həftə işləmişəm.
İNFONEWS: – Elə bir tablonuz var ki, onu heç kimə vermərsiniz?
Sahil Musayev: – Hazırda elə bir əsər yoxdur ki, hədiyyə etməyə, yaxud satışa çıxartmağa qıymayım. Bəlkə gələcəkdə olacaq, indidən deyə bilmərəm. Amma yarımçıq qoyduğum 1 işim var, ona “əqrəbsiz saat” adını vermişəm. Adından da məlum olduğu kimi, əqrəbləri yoxdur, lakin onu da tam halına gətirəcəyimi fikirləşirəm.
İNFONEWS: – Gördüyünüz işlərlə bağlı daha nə deyə bilərsiniz?
Sahil Musayev: – Hər yeni işə başlayanda dünyadan ayrıldığımı, başqa bir aləmə düşdüyümü hiss edirəm. Müasir dillə desəm, sanki terapiyadır, məni qeyri-adi bir auraya salır, müsbət təsir edir. Ümumiyyətlə, mənim belə bir qabiliyyətimin olması üçün özümü Allahın sevimli bəndəsi sayıram, çox şanslıyam və həmişə Allaha Şükür edirəm.
İNFONEWS: – Sahil bəy, bizə zaman ayırdığınız üçün Sizə təşəkkür edir, yaradıcı işlərinizdə davamlı uğurlar arzulayırıq.