Şəkidə jurnalist adı ilə dələduzluq edən şəxs saxlanılıb
“İNFONEWS” xəbər verir.
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində vətəndaşları aldadaraq onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini İqbal Muğumov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı özünü bloger, jurnalist kimi təqdim edən İ.Muğumovun Ramiz Əmirov adlı şəxsin problemini həll edəcəyi vədi ilə onu aldadıb, 600 manat pulunu ələ keçirdiyi məlum olub.
Ətrafında davam etdirilən tədbirlərlə saxlanılan şəxsin daha bir Şəki rayon sakinindən isə barəsində şikayət olması bəhanəsi ilə 10 min manat pul tələb etdiyi müəyyən olunub.
Həmin şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.