Pakistanın Müasir Dillər Universitetində “Azərbaycan dili və Mədəniyyəti Mərkəzi” açılacaq
“İNFONEWS” xəbər verir.
Azərbaycan Dillər Universiteti rektorunun köməkçisi Anar Rəhimov Pakistanın Müasir Dillər Universitetinin rektoru, ehtiyatda olan general-mayor Məhəmməd Cəfər ilə görüşüb.
Görüşdə Anar Rəhimov iki ölkə arasında yüksək səviyyəli əlaqələrdən söz açıb və Vətən müharibəsi zamanı qardaş Pakistan tərəfindən göstərilən dəstəyi xüsusi vurğulayıb.
Anar Rəhimov Azərbaycan Dillər Universitetində yenicə açılmış Pakistan mədəniyyət mərkəzi haqqında məlumat verib və rektor Kamal Abdullanın təşəbbüsü ilə Müasir Dillər Universitetində də Azərbaycan dili və mədəniyyəti mərkəzini açmaq və qardaş Pakistanda “Azərbaycan multikulturalizmi” fənnini tədris etmək niyyətləri olduğunu diqqətə çatdırıb. O, belə layihələrin həyata keçirilməsinin ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirəcəyini, eləcə də elm və təhsil əlaqələrinin inkişafına töhfə verəcəyini qeyd edib.
Pakistanın Müasir Dillər Universitetinin rektoru, ehtiyatda olan general-mayor Məhəmməd Cəfər öz növbəsində Azərbaycan-Pakistan münasibətlərindən bəhs edib, iki ölkənin bir-birini hər zaman dəstəklədiyini bildirib.
Rektor Müasir Dillər Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasını və “Azərbaycan multikulturalizmi” fənninin tədris edilməsi planını məmnunluqla qarşılayıb, mərkəzin açılması ilə bağlı universitet rəhbərliyi tərəfindən lazımi kömək göstəriləcəyini əminliklə ifadə edib.
Azərbaycan dili və mədəniyyəti mərkəzinin 2021-ci ilin sentyabr ayında açılması planlaşdırılır.