Əli Həsənovun və oğlunun məhkəməyə çağırılması tələb edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“İNFONEWS” Unikal.org-a istinadən xəbər verir ki, prosesdə vəkillərdən biri məhkəmədə şahid qismində dindirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının keçmiş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun, onun oğlu Şamxal Həsənlinin və baldızı Gülər Vəliyevanın işə cəlb olunması ilə bağlı vəsatət verib.
Hakim vəsatətə növbəti prosesdə baxılacağını bildirib.
Qeyd edək ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Növbəti proses sentyabrın 3-ə təyin olunub.