Türkiyəli yazıçının ikinci kitabı da Bakıda işıq üzü gördü
“İNFONEWS” xəbər verir.
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin “AYB kitab” layihəsi çərçivəsində çağdaş türk ədəbiyyatının usta yazarlarından olan İmdat Avşarın “Göyərçin sevdası” kitabı nəşr olunub.
“Göyərçin sevdası” İmdat Avşarın “Anamın saatları”ndan sonra Azərbaycan türkcəsində işıq üzü görən ikinci kitabıdır.
İmdat Avşar bənzərsiz üslubu, dil təmizliyi, müraciət etdiyi mövzuların həyatiliyi, görümlü mətn yarada, orijinal süjet qura bilmə qabiliyyətinə görə çağdaş türk nəsrinin ən istedadlı nümayəndələrindən biridir. Yaradıcılığına məxsus realizmi, fəlsəfi-psixoloji dərinliyi, insansevərliyi və humanizmi ilə geniş oxucu auditoriyasının və ədəbi-elmi ictimaiyyətin rəğbətini qazanan müəllifin “Göyərçin sevdası” kitabı Türkiyədə 2 ay kimi qısa zaman kəsiyində 3 dəfə nəşr olunub.
Azərbaycan Yazıçılar Birliyinin “AYB kitab” seriyasında “Göyərçin sevdası”nın nəşri isə ikinci vətəni saydığı Azərbaycanda İmdat Avşar qələminə, sözünə, yaradıcılığına olan sevginin, sayğının, ehtiramın bariz nümunəsidir.
Kitabda müəllifin “Kafa kağıdı”, “Bitməyən roman”, “Göyərçin sevdası”, “Şahnaz xanım adına kollec”, “Söylənməmiş sözlər”, İtmiş bahar nərgizi”, “Yetim Abdal”, “Xocalıda qalan tar”, “Durna çırağı”, “Təftiş heyətinin övliyası”, “Rəcəb yeznə”, “Şəkil və qaşov”, “Ört qapını, acından ölsün” kimi hekayələri yer almışdır. Bu hekayələrin hər biri kiçik epizodlarda böyük hadisələr, adi görünən əhvalatlarda qeyri-adi həqiqətləri özündə ehtiva etməsi ilə diqqəti çəkməkdədir. “Xocalıda qalan tar” hekayəsi İmdat bəyin “Qarabağ qaçqınları”ndan sonra Vətənsizlik nisgilimizi sözə çevirən ikinci hekayəsidir.
Kitabda yer alan hekayələrin böyük bir qisminin toplu halında çapından öncə “Azərbaycan”, “Ulduz” ədəbi dərgilərində, “Ədəbiyyat”, “525-ci qəzet”, “Türküstan” və s. qəzet və dövri mətbuatda yayımlanması və maraqla qarşılanması Azərbaycan oxucusunun İmdat Avşar imzasına olan sevgisindən qaynaqlanır.
Layihənin rəhbəri Xəyal Rza, kitabın redaktoru Xəyalə Zərrabqızıdır. “Mütərcim” nəşriyyatında nəfis bir tərtibatla çap olunmuş “Göyərçin sevdası” Pərvin Nurəliyevanın “Təbiətin parçası İnsandan danışırıq” adlı ön sözü ilə başlayır. Ön sözdə Pərvin xanım İmdat Avşar yaradıcılığının özünəməxsus xüsusiyyətləri ilə bərabər Azərbaycan üçün gördüyü işlərdən, o cümlədən, Qarabağ həqiqətlərinin ədəbi müstəvidə işığa çıxarılmasında “Qarabağ hekayələri” layihəsinin müstəsna əhəmiyyətindən bəhs edir.