GAT VI qrant müsabiqəsinə layihə qəbul olunur
“İNFONEWS” xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun gənc alim və tədqiqatçılar üçün elan etdiyi 6-cı qrant müsabiqəsinə layihə qəbul olunur.
Fondun mətbuat xidmətindən bildirilib ki, müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu elektron qaydada “e-QRANT” – “Qrant layihələrinin Elektron İdarə olunması Sistemi” rəsmi internet səhifəsində (http://e-grant.sdf.gov.az/) avqustun 30-u saat 17:00-dək aparılacaq. Bu sistem elektron hökumət prinsipləri əsasında qurulub və “ASAN imza”dan istifadəni də nəzərdə tutur. “ASAN imza”nı həm layihə rəhbəri, həm də layihədə iştirakı nəzərdə tutulmuş bütün iştirakçılar əldə etməli, bu şəxslərin hamısı qeydiyyatdan keçməli və “virtual şəxsi kabinet”lərini formalaşdırmalıdırlar.
Müsabiqəyə təqdim olunduğu gündən etibarən layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.
Qeyd edək ki, qrant müsabiqəsi gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması, onlara tədqiqat aparmaq üçün əlverişli imkanlar yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib-hazırlanması, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrə cəlb edilməsi məqsədilə keçirilir.