Səhiyyə Nazirliyinin baş pediatrı valideynlərə müraciət edib
“İNFONEWS” xəbər verir.
Dünyada olduğu kimi, Azərbaycanda da yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndləmə prosesi ciddi şəkildə həyata keçirilir. Ölkədə azyaşlılar COVID-19 əleyhinə vaksinasiyada iştirak edə bilmirlər, lakin digər xəstəliklər əleyhinə olan peyvəndlərin vurulma faizində də azalma müşahidə edilir.
Bu sözləri Səhiyyə Nazirliyinin instaqram səhifəsindəki canlı yayımında baş pediatr Erkin Rəhimov deyib.
Baş pediatr bildirib ki, valideynlər uşaqların gecikdirilmiş peyvəndlərini mütləq vurdurmalıdırlar: “Uşaqların həyatını təhlükəyə atmaq olmaz. Valideynlər poliklinikalara gedib övladlarını peyvənd etdirməlidirlər. Uşaqların sağlamlığı valideynlərin əlindədir. Bilirəm ki, valideynlər adətən, uşaqları poliklinikaya aparmağa qorxurlar. Nəzərə almaq lazımdır ki, koronavirus uşaqlarda çox nadir hallarda ağır keçir. Həmçinin rutin peyvəndlərin vurulduğu poliklinikalarda valideynlərin girişi tam steril şəkildə təmin edilir”.
Rotavirus haqqında danışan baş pediatrın dediyinə görə, bu infeksiya yay aylarında daha çox yayılır: “Rotavirusa böyüklərdə nadir hallarda rast gəlinir. Virusa yoluxmamaq üçün şəxsi gigiyenaya diqqət etmək lazımdır. Sevindirici haldır ki, rotavirusa qarşı peyvənd mövcuddur. Uşaqlar 2 və 4-cü aylarında rotavirusa qarşı peyvənd olunurlar. Əgər həmin infeksiya əleyhinə 3-cü doza vaksinasiya məsləhətdirsə, uşağa növbəti dəfə 6-cı ayında peyvənd vurulmalıdır. İkinci ayında uşaq rotavirus əleyhinə vaksinasiyadan keçməyibsə, daha sonra ümumiyyətlə həmin peyvəndi vurdura bilməz. Belə olan halda virusa yoluxmamaq üçün tək çarə şəxsi gigiyenaya riayət etməkdir”.
E.Rəhimov, həmçinin qeyd edib ki, uşaqlarda immun sistemini qaldırmaq üçün xüsusi dərman preparatı yoxdur: “Hansısa xəstəlikdən qorunmaq üçün dərman istifadə etməkdənsə, vaxtında peyvəndləri vurdurmaq daha məqsədəuyğundur. Uşaqlarda immun çatışmazlığını yalnız müayinə ilə müəyyən etmək olar”.