“Ayın fermeri” müsabiqəsinin qalibi müəyyənləşib

“Ayın fermeri” müsabiqəsinin qalibi müəyyənləşib

“İNFONEWS” xəbər verir.

Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında elan edilən “Ayın fermeri” müsabiqəsinin qalibi müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, müsabiqədə iştirak üçün 23 rayondan ümumilikdə 38 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.

Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində taxılçılıqda yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer Qulu Novruzov “Ayın fermeri” müsabiqəsinin qalibi elan edilib. Salyan rayonunda 23 ildir taxılçılıqla məşğul olan Qulu Novruzov düzgün aqrotexniki qulluq nəticəsində taxıl sahəsindən buğda üzrə orta hesabla 53 sentner, arpa üzrə 42 sentner məhsul əldə edib. Taxıl biçinindən sonra fermer Qulu Novruzov əkin sahəsindən səmərəli istifadə edərək bir təsərrüfat ilində iki dəfə məhsul əldə etmək məqsədilə 190 hektar sahədə təkrar qarğıdalı əkini aparıb.

Qeyd edək ki, “Ayın fermeri” müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir