Dünyada mobil internet trafiki rekord həddə çatdı
2021-ci ilin ilk rübündə mobil cihazlarda istifadə olunan qlobal trafik 66 eksabayta (1 eksabayt milyard giqabayta bərabərdir – red.) çatıb. Bu isə bir il əvvəllə müqayisədə 68% çoxdur.
“İNFONEWS” “Report”a istinadən xəbər verir ki, getdikcə daha çox insan internetdə “gəzişmək” üçün smartfonlara üstünlük verməyə başlayıb. Belə ki, 2021-ci ilin iyul ayına olan məlumata görə, internetə bütün mobil qoşulmaların 79%-i və ya 6,4 milyardı smartfonların payına düşüb. Müqayisə üçün qeyd edək ki, routerlərin, planşetlərin, portativ fərdi kompüterlərin payı cəmi 3,8% və ya 310 milyon qurğudur.
Smartfonlar arasında isə internetə qoşulmaq üzrə ən çox “Android” əməliyyat sisteminə əsaslanan cihazlar (73%) fəaldır. iOS-da bu göstərici 26,3% təşkil edir.
Bu ilin iyul ayında internet bağlantısı olan mobil telefonlarından istifadə edən insanların sayı 5,3 milyarda çatıb (dünya əhalisinin 67%-i).
Bu baxımdan əhalisinin 86%-nin telefonu və ya smartfonu olan Avropa liderdir. Ondan sonra Latın Amerikası (69%), Yaxın Şərq və Şimali Afrika (65%), Asiya-Sakit okean region (58%) və Tropik Afrika (46%) ölkələri gəlir.
GSMA-nın (dünya üzrə mobil əlaqə operatorlarının maraqlarını təmsil edən ticarət təşkilatı – red.) proqnozlarına görə, mobil telefon və smartfon istifadə edən insanların sayı baxımından Asiya-Sakit okean region ölkələrində daha çox artım olacaq. 2025-ci ilə qədər onların xüsusi çəkisinin indiki 58%-dən 68%-ə qədər artacağı (Çin istisna olmaqla) gözlənilir.
Keçən il 117 milyon insan mobil telefonlardan istifadə etməyə başlayıb, lakin daha geniş yanaşsaq, 2020-ci ilin iyulundan 2021-ci ilin iyuluna qədər 670 milyon insan internet bağlantısı olan cihazlardan istifadə etməyə başlayıb. “Ağıllı qurğular”ın ümumi istifadəçilərinin sayı 10,4 milyard nəfərə çatıb.