“Klipimi medallar qazanan idmançılarımıza həsr edirəm”
“İNFONEWS” xəbər verir.
Müğənni Elnarə Xəlilova “Əvəzimi tap” adlı yeni mahnısına çəkilən klipini təqdim edib. Mahnının söz və musiqisi Şəhriyar Ramazanzadə, aranjeman Hasan Haidaryə məxsusdur.
Klipin əsas süjet xətti kick-boxing idman növü ilə məşğul olan insanlar üzərində qurulub. Ekran işində Elnarə kick-box idman növü ilə məşğul olan xanımı canlandırır. Müğənni ilk dəfədir bu tərzdə və belə bir obrazda kameralar qarşısına çıxdığını deyib: “İdmanı çox sevirəm və həyatımın ayrılmaz hissəsidir. Uzun zamandır ki, idman mövzusunda bir iş ərsəyə gətirməyi düşünürdüm. Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları mənə bir stimul verdi. Klipimi Olimpiya və Paralimpiya Oyunlarının qalibi olan və medallar qazanan idmançılarımıza həsr edirəm”.
Üç aydır bu obraza hazırlaşan müğənniyə tanınmış idmançılar, “Cobra” idman klubunun müəllimləri Faiq Abdullayev və Mehman Umudov kick-box dərsləri keçib. Klipin çəkilişləri Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzində aparılıb. Mahnıya rejissor Bəhruz Qurbanlı quruluş verib. Klipin stilisti Könül Aslanova, qrim ustası Fatimə Vazehidir.