Xəyalların Şahzadəsinin şeir dəftərindən- “Səni bir gecəlik oğurlasaydım”

Xəyalların Şahzadəsinin şeir dəftərindən- “Səni bir gecəlik oğurlasaydım”

“İNFONEWS” təqdim edir:

Səni bir gecəlik oğurlasaydım

Səni bir gecəlik oğurlasaydım,
Görən neçə illik iş alardım mən.
Elə könlündəcə məhbus olaydım,
Elə könlündəcə qocalardım mən.

Səni bir gecəlik oğurlasaydım,
O gecə mənimçün süstlənərdinmi?
İllər ağardacaq qara saçıma
Bir sığal çəkməyə qəsdlənərdinmi?

Səni bir gecəlik oğurlasaydım,
Nolardı haqqımda fərman verəndə,
Sən sınıq qəlbimi oxşayardınmı
Tanışlar-bilişlər “oğru” deyəndə.

Səni bir gecəlik oğurlasaydım,
Gözəllik dünyanı fəth eyləyərdi.
Dünyanın ən təmiz adamı belə
Mənim tək oğruyla fəxr eyləyərdi.

Səni bir gecəlik oğurlasaydım,
Əzabı, zilləti yox sayardım mən.
Əlimə qıymazdım toxunsun sənə,
Səni gözlərimlə oxşayardım mən.

Səni bir gecəlik oğurlasaydım,
Bəxtəvər kəsərdi, Vallahi, məni.
O qara gözündən bir yol öpərdim,
Eybi yox yandırsın günahı məni.

Səni bir gecəlik oğurlasaydım,
Günəş öz nurunu onda duyardı.
Ay da nur saçardı dörd bir tərəfə,
Ulduzlar xoşbəxtlik valsa çalardı.

…Səni bir gecəlik oğurlasaydım…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir