Kitabxana “USTAD EL AŞIĞI” yeni metodiki vəsaiti təqdim etdi
“İNFONEWS” xəbər verir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Aşiq Ələsgərin 200 illik yubileyi münasibətilə metodiki vəsait hazırlayıb
Aşıq Ələsgər hər bir azərbaycanlıya qan ilə kеçmiş, onun mənəviyyatının bir hissəsinə çеvrilmiş söz ustadıdır. Sеhr dolu şеirləriylə Ələsgər möcüzəsi sadəliyin möcüzəsidir. Bеlə sənətkarlara еldə “Haqq aşığı” dеyərlər. Qanında Dədə Qorqudu, Qurbanini, Qaracaoğlanı,Yunus Əmrəni, Sarı Aşığı daşıyan Dədə Ələsgər şirinliyi, doğmalığı – müdrikliyin, səmimiyyətin zirvəsidir.
Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Respublika Gənclər Kitabxanası böyük söz ustadı Aşıq Ələsgərə həsr olunmuş silsilə tədbirləri içərisində son günlərdə izləyicilərə təqdim olunan “Ustad el aşığı” metodik vəsaiti xususi məna yer tutur.
Ölkəmizdə fəaliyyət göstərən kitabxana əməkdaşlarına yardımçı ola biləcək metodik vəsaitdə Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında geniş məlumat verilmiş, Azərbaycan ədəbiyyatının görkəmli simalarının ustad haqqında söylədikləri fikirlər yer almışdır. Vəsaitdə illərdir ki, Azərbaycanda el sənətinə göstərilən qayğının bariz nümunəsi olan rəsmi sənədlər də işıqlandırılmışdır. Təqdim edilən vəsaitin özəlliyi şairin 200 illik yubileyi çərçivəsində kitabxanalarda keçiriləcək tədbirlər haqqında tövsiyələrin yer almasıdır, belə ki, burada Aşıq Ələsgər irsinin kitabxanalarda təbliği mövzusuna geniş və hərtərəfli diqqət ayrılmışdır. Bir çox kitabxanaçılar üçün metodiki tövsiyələr ilə zəngin olan bu vəsaitdə sözügedən mövzuda “elektron məlumat bazası”nın, “viktorinalar”ın, “Virtual kitab sərgiləri”nin, “Ekskursiyalar”ın, “ədəbi-bədii gecələr”in, “ədəbi diskussiyalar”ın və s. necə və hansı formada təşkili və idarə edilməsi mövzusunda dəyərli məsləhətlər verilmişdir. Vəsaitdə Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə hazırlana biləcək “biblioqrafik icmal”ın əsasında aşıq yaradıcılığına həsr olunmuş bir sıra kitabların annotasiyaları təqdim edilmişdir.
“Ustad el aşığı” metodik vəsaiti kitabxananın rəsmi saytında – https://ryl.az/files/ustad_el_ashigi.pdf linkı altında yerləşdirilmişdir.