MDU-da “Gələcəyin müəllimi” təqaüdünə layiq görülən birinci kurs tələbələri ilə görüş keçirilib

28 dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov  Təhsil Nazirliyinin təsis etdiyi “Gələcəyin müəllimi” təqaüdünə layiq görülən universitetin birinci kurs tələbələri ilə görüşüb.

MDU-dan verilən məlumata görə “Microsoft Teams” platforması üzərindən online formatda təşkil edilən görüşdə rektor müəllimlik ixtisaslarına yüksək balla qəbul olaraq “Gələcəyin müəllimi” təqaüdünə layiq görülmələri münasibətilə tələbələri ürəkdən təbrik edib, şərəfli müəllimlik peşəsinə yiyələnmək üçün MDU-nu seçdiklərinə görə onlara, valideynlərinə və müəllimlərinə təşəkkürünü bildirib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Gələcəyin müəllimi” təqaüdünün təsis edilməsinin əsas məqsədi və əhəmiyyətindən bəhs edən Ş.Bayramov bu addımın ölkəmizdə müəllim peşəsinin, pedaqoji ixtisasların nüfuzunun artırılması və daha istedadlı insanların müəllimlik fəaliyyətinə cəlb edilməsi baxımından müsbət təsirlərindən danışıb.

Cari tədris ilində respublikada sözügedən təqaüdə layiq görülən tələbələr arasında MDU-nun 4 tələbəsinin yer aldığını vurğulayan rektor bunun regionda yerləşən bir universitetin ölkə üzrə pedaqoji təhsil sahəsində imicinin yüksəlməsinə mühüm töhfə olduğunu bildirib.

“Gələcəyin müəllimi” təqaüdünün əldə edilməsini karyera inkişafı baxımından böyük uğur kimi dəyərləndirən Ş.Bayramov ölkəmizin layiqli gələcəyini təmin edən yeni dövrün layiqli müəllimləri kimi yetişə bilmələri üçün tələbələrə yüksək bilik və savad əldə etməklə yanaşı, universitet həyatının bütün sahələrində həyata keçirilən tədbirlərdə fəallıq göstərməyi tövsiyə edib.

“Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə birinci kurs tələbələri Jalə Abdullayeva və Bahar Ələsgərli, “Xarici dil müəllimliyi” ixtisası üzrə birinci kurs tələbəsi Aygün Qəhramanova, “Tarix müəllimliyi” ixtisası üzrə birinci kurs tələbəsi Əli Abbasov çıxış edərək, “Gələcəyin müəllimi” təqaüdünün onların gələcəkdə təhsillərini uğurla davam etdirə bilmələri üçün böyük motivasiya yaratdığını qeyd ediblər, dövlət tərəfindən göstərilən yüksək diqqəti və etimadı layiqincə doğruldacaqlarına əminliklərini ifadə ediblər.

Sonda, təqaüdçü tələbələr pandemiya dövrünün çətinliklərinə baxmayaraq, universitetdə keyfiyyətli təhsil ala bilmələri üçün yaradılan şəraitə, göstərilən hərtərəfli dəstəyə və diqqətə görə MDU rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, MDU rəhbərliyi təhsil, elmi-tədqiqat, ictimai fəaliyyət və digər sahələrdə uğurlu nəticələri ilə fərqlənən istedadlı tələbələri daim diqqət mərkəzində saxlayır və onların nailiyyətlərinin daha da artırılması məqsədilə müvafiq dəstək tədbirlərini həyata keçirir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir