“Qarabağımızın təbliği hər birimizin üzərinə düşən şərəf borcudur”

“Qarabağımızın təbliği hər birimizin üzərinə düşən şərəf borcudur”

 

İNFONEWS-un “ÖZÜNDƏN SORUŞDUQ” rubrikasının qonağı Gülçin Aslanlıdır.

Qeyd edək ki, Gülçin Aslanlı bu gün bütün dünyada trendə çevrilən Vitraj sənət işinin mahir ustasıdır. Qonağımız Ukraynanın Xarkov şəhərində turizm menecmenti üzrə ali təhsil almasıma baxmayaraq, 6 il öncə həvəskar kimi bu sənət işi ilə məşğul olmağa başlasa da, indi vitraj sənəti onun yaşam tərzinə, həyatının ən əsas hissəsinə çevrilib.

İNFONEWS: – Gülçin xanım, özünüz haqqında izləyicilərimizə məlumat verərdiniz.

Gülçin Aslanlı: – Artıq 6 ilə yaxındır ki, vitraj rəssamıyam. Əslində tamamilə başqa bir sahə üzrə ixtisaslaşsam da, rəassamlığa olan böyük marağım məni bu sənətə gətirdi. Lap əvvəldə həvəskar olaraq başladığım bu sənət, hal-hazırda mənim əsas fəaliyyətinə çevrilib.

İNFONEWS: – Çox qeyri-adi, çətin bir işlə məşğulsunuz, sənətinizin adı nədir?  

Gülçin Aslanlı: – Bu sənətin adı Vitrajdır. Vitraj dekorativ tətbiqi sənətin qollarından biridir. Vitrajın özündə də bir çox növləri, istiqamətləri var. Vitraj rəngli şüşələr və şəffaf boya vasitəsi ilə hazırlanan, müxtəlif süjet və ornamentlərdən ibarət rəsm əsəridir.

İNFONEWS: – Əsərlərinizi sərgilərdə nümayiş etdirirsinizmi?

Gülçin Aslanlı: – Xeyr. Sırf vitraj sənəti ilə sərgilərdə iştirak etməmişəm. Ancaq yaxın gələcəkdə fərdi sərgimi təşkil etməyi düşünürəm, hətta əsas planlarından biri budur.

İNFONEWS: – Əsərlərinizi necə ərsəyə gətirirsiniz, ideyanı haradan götürürsünüz?

Gülçin Aslanlı: – İşlərimdə daha çox milliliyə üstünlük verirəm. Keçən ildən hər bir Türk övladını  sevindirən, Şanlı Qarabağ Zəfərimizdən sonra işlərimdə daha çox bu mövzulara üstünlük verirəm. Ümumiyyətlə hesab edirəm ki, Qarabağımızın, Zəfərimizin təbliği hər bir azərbaycanlının üzərinə düşən şərəf borcudur.

İNFONEWS: – Gülçin xanım, əl işinizi hazırladığınız qədər satımağa da maraqlısınızmı?

Gülçin Aslanlı: – Tam səmimiyyətimlə deyə bilərəm ki, bu sənətə heç vaxt maddi tərəfdən yanaşmamışam. Ancaq təbii ki, yeni və daha gözəl, daha keyfiyyətli işləri üzə çıxartmaq üçün maddiyyat gündəmin tələbidir.

İşərişəhərdə emalatxanam var idi və mənim əl işlərim ölkəmizə üz tutan turistlərin diqqətini çox çəkirdi. Sonradan bura həm emalatxana, həm də balaca bir dükan oldu. Alıcılarım əsasən əcnəbilər idi. Mənim üçün ən sevindirici tərəfi isə əl işlərimin sevələrək alınması və xüsusilə də, alıcılar içərisində bu sənət nümunlərinin qiymətini anlayan üstünlük təşkil etməsidir.

İNFONEWS: – Maraqlıdır, hər əl işinin hazırlanmasına nə qədər zamanınız gedir?

Gülçin Aslanlı: –  Dəqiq vaxt demək mümkün deyil. Elə işlər var 3 günə, eləsi də var 10-15 günə ərsəyə gəlir; bu vurulan naxışların asanlığı-çətinliyindən, mürəkkəb olub-olmamasından asılıdır.

İNFONEWS: – Elə bir əl işiniz var ki, onu heç kimə vermərsiniz?

Gülçin Aslanlı: – Əlbəttə, var. Gələcək sərgimdə nümayiş etdirməyi nəzərdə tutduğum əl işləri kolleksiyasını heç kimə vermərəm.

İNFONEWS: –  Gördüyünüz işlərlə bağlı daha nə deyə bilərsiniz?

Gülçin Aslanlı: – Bir neçə il öncə əl işlərimi ətrafdakıların, alıcıların zövqünə uyğun hazırlayırdımı hiss etdim. Pandemiya dönəmində fikirlərim dəyişdi, işlərimin öz zövqümə görə, daha yaradıcı hazırlamağa başladım. Bu gün əminliklə deyə bilərəm ki, sevdiyim işlə məşğulam. Sənət əsəri işlərimi böyük məhəbbətlə ərsəyə gətirirəm. Hər əl işimə ürəyimin bir sevgi parçasını qoyuram. Gələcəkdə bacardığım qədər gördüyüm işləri daha da təkmilləşdirəcəyimə, bir-birindən maraqlı, gözəl əsərlər yaratmağa söz verirəm.

 

“İNFONEWS” komandası adından Gülçin Aslanlıya təşəkkür edir, can sağlığı, gördüyü işlərdə uğurlar diləyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir