Azərbaycanlı tələbələrin Ukraynada təhsil almaları üçün hüquqi baza sadələşdirilir
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
Ukraynanın xarici tələbələr üçün cəlbediciliyinin artırılması məsələlərinə ali səviyyədə – dövlət səviyyəsində diqqət yetirilir. Məsələn, “Böyük tikinti” dövlət proqramı çərçivəsində xarici tələbələr üçün yataqxanalar tikilməsi, Ukraynaya gəlmək üçün leqal icazə almaq prosedurunu xeyli sadələşdirən elektron viza sisteminin tətbiqi, xarici tələbələrin qəbulu sahəsində Vahid İdarələrarası Elektron Platforma vasitəsilə distant qəbul imkanları bu diqqətin nəticələridir.
Ukrayna-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun həmsədri, Ali Radanın Təhsil, elm və innovasiyalar komitəsinin üzvü Valeri Kolyux bu barədə eksklüziv müsahibəsində məlumat verib.
Deputat vurğulayıb ki, Azərbaycan Ukraynada təhsil alan əcnəbi tələbələrin sayına görə Türkmənistan, Mərakeş və Hindistandan sonra dördüncü yeri tutur. V.Kolyux deyib: “Ümidvaram ki, azərbaycanlı tələbələrin sayı artacaq, çünki koronavirus pandemiyası, sərhədlərin bağlanması, təəssüf ki, Ukraynada təhsil almaq imkanlarına da neqativ təsir göstərib”.
Ukraynalı deputat daha sonra deyib: “Ukrayna təhsilin keyfiyyəti və təhsil haqqı arasında optimal nisbətin, habelə Ukrayna dilini öyrənmək üçün yaxşı şəraitin əla nümunəsidir. Ali Radanın Təhsil, elm və innovasiyalar komitəsində hazırlanmış qanun layihəsi əcnəbilərdən ibarət ayrı-ayrı tələbə qruplarında tədrisin həmin tələbələr üçün daha aydın olan dildə aparılmasına imkan verəcək. Ukrayna ümid edir ki, bu qərar, xüsusən azərbaycanlı tələbələr üçün ölkəmizdə təhsil almağın daha cəlbedici olmasına imkan verəcək”.
Qeyd edək ki, 2014-cü ildən sonra Ukraynada əcnəbi tələbələrin sayı durmadan artır. 2014-cü ildə belə tələbələrin sayı 63.172 nəfər idisə, 2020-ci ildə Ukraynada dünyanın 155 ölkəsindən 76.548 tələbə təhsil alırdı.