İngilis yazıçısı “Qadınların ədəbiyyat mükafatı”nı qazanıb
“İNFONEWS” xəbər verir.
İngilis yazıçısı Süzana Klark Böyük Britaniyada təsis olunan “Qadınların ədəbiyyat mükafatı”nı (The Women’s Prize for Fiction) qazanıb.
TASS agentliyinin məlumatına görə, yazıçı 30 min funt sterlinq məbləğində çeklə bərabər “Bessi” bürünc heykəlciyini sehrli realizm janrında yazdığı və 2020-ci ildə nəşr etdiyi “Piranesi” əsərinə görə alıb.
Əsərdə ucu-bucağı görünməyən bir qalada öz dünyasında yaşayan baş qəhrəmanın günlərin bir günü naməlum bir şəxslə tanış olması təsvir olunur.
S.Klark bu romanı “Conatan Strenc və mister Norrell” adlı ilk əsərindən 16 il sonra nəşr edib. XIX əsrin İngiltərəsindəki uydurulmuş sehrbazlardan bəhs edən kitab dünyada 4 milyon nüsxə ilə satılaraq bestsellerə çevrilib. Əsər çoxsaylı mükafat qazanıb və 2004-cü ildə “Buker mükafatı”nın uzun siyahısına daxil edilib.