Sosial şəbəkələrdə növbəti fırıldaqçılıq ALDANMAYIN

Sosial şəbəkələrdə növbəti fırıldaqçılıq ALDANMAYIN

Sosial şəbəkələrdə guya ünvanlı sosial yardım düzəltmək adı ilə vətəndaşlardan pul tələb edən səhifələrin sayı artıb. Həmin səhifələrdə ödəniş qarşılığında köməklik ediləcəyi qeyd olunur. Aidiyyəti qurum bu səhifələrin dələduzluq məqsədilə yaradıldığını açıqlayıb…

İnstaqramda “unvanli_sosial_yardim”, “sosial_yardim_qeydiyyat”, “unvanli_sos_yardim” kimi profillər yaradılmaqla ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Hər səhifədə isə fərqli qiymət oxunur. Bu azmış kimi səhifədə sual ünvanlayan vətəndaşlara qeyri-etik cavablar da verirlər.

Prosesin necə aparıldığını, hansı şərtlərlə yardım etdiklərini öyrənmək üçün biz də bu səhifələrdən bir neçəsi ilə əlaqə saxladıq. Daha doğrusu, instaqram səhifələrində heç bir əlaqə nömrəsi olmadığı üçün sadəcə olaraq yaza bildik. Təəssüf ki, müraciətimizə cavab verən olmadı.

“İNFONEWS” xəbər verir ki, məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili xezerxeber.az-a bildirib ki, bu elanlar kiminsə aztəminatlı ailələrin üzvlərini onların inamından və məlumatsızlığından sui-istifadə edərək aldatmaqla, dələduzluq yolu ilə qazanc əldə etməsi məqsədinə yönəlib.

“Elan sahiblərinə isə bu səhifələrin ləğv edilməsi barədə xəbərdarlıq edilib. Səhifələr silinməzsə, hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq”, – deyə qurum rəsmisi əlavə edib.

Onu da qeyd edək ki, ünvanlı sosial yardım almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun rəsmi internet səhifəsinə və feysbuk, instaqram, tvitter kimi sosial şəbəkələrdəki ünvanlarına müraciət edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir