Şəkidə təkəlduz sənətinin təbliği ilə bağlı layihə keçirilib
“İNFONEWS” xəbər verir.
Şəki şəhəri Heydər Əliyev Mərkəzində “Sənətkarlıq İncisi – Təkəlduz İrsimiz” adlı layihə başa çatıb. Layihə İsveçrə Əməkdaşlıq Təşkilatının Bakı Ofisinin maliyyə və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatı dəstəyi ilə həyata keçirilib. Layihənin məqsədi yox olmaq üzrə olan milli sənət nümunələrimizin yenidən dirçəldilməsi və yeni nəslə ötürülməsidir.
AQSİA-dan bildirilib ki, layihə çərçivəsində sənətə həvəsin artırılması ilə bağlı 50 gənc qız arasında sorğu keçirilib. Sorğu nəticəsində təkəlduz sənətinə həvəsli olan 20 gənc qız seçilib. Gənc qızlara təkəlduz sənətinin ustaları tərəfindən ustad dərsləri keçirilib, sənətin incəlikləri öyrədilib. Həmçinin çəkiləcək sənədli film vasitəsilə bu sənət haqqında məlumatlılıq daha geniş kütlə arasında artacaq. Ölkənin dağlıq turizm yerləri haqqında məlumat əldə etmək istəyən turistlər bu film əsasında Azərbaycanın qədim sənətləri haqqında məlumat əldə edəcəklər.
Budan əlavə, Şəki-Zaqatala iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkar qadınların təkəlduz layihəsi çərçivəsində regional konfransı keçirilib. Konfransda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, İsveçrə Əməkdaşlıq Təşkilatının Bakı Ofisinin Milli Proqram direktoru Zahir Əhmədov, Şəki-Zaqatala regional KOB Dostunun rəhbəri Elburus İsgəndərov və AQSİA-nın fəal üzvü hüquqşünas, mediator Arzu Alıyeva iştirak edib.
Mediator Arzu Alıyeva qadın sahibkarlara hüquq məsləhətləri verib və onların suallarını cavablandırıb. Konfransdan sonra təkəlduz nümunələrinə baxış keçirilib.