“ÖZÜNDƏN SORUŞDUQ”da – Üzərində 5 ildən çox çalışılan kitab

İNFONEWS-un “ÖZÜNDƏN SORUŞDUQ” rubrikasının qonağı Elsevər Fərzəliyevdir.

Qeyd edək ki, Elsevər Fərzəliyev Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndislik və tətbiqi elmlər” kafedrasında dosenti, 110-dan çox elmi əsərin, o cümlədən 4 dərslik, 5 dərs vəsaiti, 25-dək fənn proqramı, 2 metodiki vəsait və 80-dək maraqlı elmi əsərlərin müəllifidir.

 

İNFONEWS: – Elsevər müəllim, ərsəyə gətirdiyiniz “Qida mühəndisliyi” ixtisası üzrə TEXNOLOJİ – TERMİNLƏR LÜĞƏTİ” kitabınız haqqında məlumat verərdiniz.

 

Elsevər Fərzəliyev: – “Qida mühəndisliyi” ixtisası üzrə texnoloji – terminlər lüğətinin tərtibi haqqında fikirlər hələ çoxdan məni düşündürürdü. Belə ki, “Qida mühəndisliyi” ixtisası daha böyük əhəmiyyət kəsb edən ixtisaslardan olduğuna görə, son zamanlar bu ixtisas üzrə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul sayının artması müşahidə olunur. Bununla yanaşı, insanların sağlamlığının, bilavasitə onların qidalanmasından asılı olduğunu nəzərə alsaq, onda bu kitabın tərtibatının zəruriliyi haqda fikir söyləmək olar.

Kitabda qida xammalları və hazır qida məhsulları istehsalının texnoloji mərhələlərini əks etdirən çoxsaylı terminlərin rus və azərbaycan dillərində, bəzilərinin isə hətta latın dilində yazılışı təqdim olunmuşdur.

 

İNFONEWS: – Bildiyimiz qədər, lüğətlərin, eləcə də terminlər lüğətinin hazırlanması çox zaman alır. Siz bəs bu kitabı neçə müddətə ərsəyə gətirdiniz?

 

Elsevər Fərzəliyev: – Kitabın ərsəyə gəlməsi 5 il yarım zaman intervalını əhatə edir. Kitabın çap olunması ilə əlaqədar bir sıra istehsal müəssisələri mütəxəssislərinin və eləcə də, ayrı-ayrı ali təhsil müəssisələrində uyğun fənləri tədris edən müəllimləri tərəfindən edilən çoxsaylı müraciətlər, bu lüğətin yazılmasına başlamaq üçün təkan oldu. Edilən müraciətlər əsasında qarşılaşdığım termin və ayrı-ayrı söz birləşmələrini toplayıb tərcüməsini əlifba sırası ilə düzmək düz 5 ildən çox zaman tələb etdi. Kitabın tərtibatındakı qüsursuzluq və ona verilən müsbət rəylər, onu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası tərəfindən yüksək qiymətləndirilməsinə və çap olunmaq üçün qərar verilməsinə səbəb olmuşdur.

 

İNFONEWS: – Kitabın aktuallığı haqqında  daha  hansı məqamları qeyd edə bilərsiniz?

Elsevər Fərzəliyev: – Kitab qida mühəndisliyi ixtisası üzrə təhsil alan bakalavrlar, magistrantlar və doktorantlar üçün, qida sənayesi müəssisələrində çalışan mütəxəssislər üçün, uyğun fənləri tədris edən müəllimlər üçün, iaşə sistemində çalışan işçilər üçün olduqca vacibdir.

Fersətdən istifadə edib kitabın rəyçiləri – Azərbaycan Texnologiya Universitetinin “Qida mühəndisliyi və ekspertiza” kafedrasının müdiri biologiya elmləri doktoru, professor Əhəd Nəbiyevə və Azərbaycan Kooperasiya Universitetinin “Standartlaşdırma və texnologiya” kafedrasinin dosenti, texnika elmləri namizədı Nadir Tofiq oğlu Kərimova, həmçinin kitabın elmi redaktoru Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Məzahir Fərzəliyevə və bu çətin işdə mənə dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm.

 

İNFONEWS komandası adından yeni kitabının ərsəyə gəlməsi sevincini bizimlə bölüşdüyü üçün Elsevər Fərzəliyevə təşəkkür edir, elmi fəaliyyətində davamlı uğurlar arzulayırıq.  

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir