Ramiz Göyüşovu şantaj edən şəxslə bağlı qərar elan edildi
“İNFONEWS” “Adalet.az” -a istinadən xəbər verir.
Bu gün Bakı Apellyasiya Məhkəməsində Azadinfo.az saytının rəhbəri Mahir Xəttabın (Ələkbərov) apellyasiya şikayətinə baxılıb.
Bu barədə onun vəkili Mehman Muradlı məlumat verib.
O bildirib ki, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, M.Xəttabın apellyasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Mahir Ələkbərov 8 sentyabr 2021-ci il tarixdə Azadinfo.az xəbər paylaşım platformasında YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun barəsində qeyri-etik videogörüntülərin xəbər saytlarında yayacağını sonuncuya bildirərək görüşməyi təklif edib, Ramiz Göyüşov görüşə gəlmədikdə onu qəsdən hörmətdən salan rüsvayedici məlumatları videoçarx formasında Azadinfo.az xəbər portalında 8 sentyabr 2021-ci il tarixdə qəsdən yayıb, həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, videogörüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb.
Qeyd edilənlərlə bağlı 9 sentyabr 2021-ci ildə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Mahir Ələkbərov şübhəli şəxs qismində tutulub.
10.09.2021-ci il tarixdə həmin Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.