ÜST kimlərə 3- cü doza peyvənd vurdurmalarını TÖVSİYƏ ETMİR?
“İNFONEWS” xəbər verir.
Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə olan peyvəndlərin qoruyuculuğunun istifadədən bir müddət sonra azaldığı məlumdur. Ona görə də bir qrup vətəndaşa üçüncü doza peyvənd vurulması məsləhətdir. Ümumdünya Səhiyyə Təşkilatı bəzi səbəbləri nəzərə alaraq koronavirusa yoluxmada risk qrupu daşımayan vətəndaşların vaksinasiyanın üçüncü mərhələsində iştirakını tövsiyə etmir.
Bunu açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
Risk qrupuna daxil olmayanlara üçüncü doza peyvəndləmənin tövsiyə edilməməsinin səbəblərindən danışan ÜST nümayəndəsi bildirib ki, bir sıra ölkələrdə koronavirus əleyhinə peyvəndləmə göstəricisinin 1 faizdən də aşağı olması başlıca səbəblərdəndir: “Həmin ölkələrdə hətta səhiyyə işçiləri, yaşı 65-dən çox olanlar belə peyvənd vurdurmayıblar. Yəni, bir sıra ölkələr ehtiyac olduğu halda belə vaksinasiyada iştirak edə bilmirlər. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı yüksək risk qrupuna aid olmayanların üçüncü doza vaksin vurdurmasını tövsiyə etmir. Bu, həmçinin etik hesab olunmur. İstifadədən bir müddət sonra vaksinlərin effektivliyinin azaldığı müşahidə edildiyi üçün risk qrupunda olan səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olanlar və xroniki xəstəliklərdən əziyyət çəkənlərin vaksinasiyanın üçüncü mərhələsində iştirak edərək qüvvətləndirici doza qəbul etmələri məsləhətdir”.