Dünyada “Sülh zəngi” çalınsın, “Sülh quşları” səmada uçsun!
“İNFONEWS” xəbər verir.
21 sentyabr Beynəlxalq Sülh günüdür.
BMT tərəfindən təsis edilən Sülh günü 1981-ci il tarixinə təsadüf edib. Belə ki, ilk dövrlərdə Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.
Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb. Elə 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin “Sülh Zəngi”ni çalaraq, dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı.
21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir.