Reklam yerləşdirənlər hansı halda cərimələnə bilər?
Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən mütəmadi olaraq bu sahədə qaydalara riayət olunub-olunmaması ilə bağlı monitorinqlər aparılır. Ümumiyyətlə, sahibkarlar bilməlidirlər ki, reklamı yerləşdirməzdən əvvəl agentlikdən icazə alınmalıdır.
“İNFONEWS” xəbər verir ki, bunu Trend-ə açıqlamasında ADRA-nın mətbuat katibi Hüseyn Əzizov bildirib.
O qeyd edib ki, bir çox hallarda sahibkarlar fasad reklamını yerləşdirdikdən sonra icazə üçün agentliyə müraciət edirlər:
“İcazəsiz reklam yerləşdirilməsi zamanı bir sıra qanunauyğunsuzluqlar yaranır. Bu səbəbdən qanunun tələblərinə cavab verməyən reklamlar sökülür. Qanunsuz reklam yerləşdirənlər 300 manatdan 10 000 manatadək cərimələnə bilər.
Ümumiyyətlə elə məhsullar var ki, onların reklamlarına icazə verilmir. Alkoqol səviyyəsi 5 faizdən yuxarı olan içkilərin, tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.”
H.Əzizov həmçinin qeyd edib ki 2021-ci ilin birinci rübündə tütünlə bağlı 58, siqaretlə bağlı 29 reklam sökülüb. Ümumilikdə isə məqsədə uyğun hesab edilməyən 283 ayrıca dayaqlı və fasad reklamının yerləşdirilməsinə icazə verilməyib.