Diqqət Mərkəzi: Şəhidlər – Şəhid Vüsal Allahverdiyev
“İNFONEWS” təqdim edir.
Azərbaycan Gənclik Platformu (AGP), “İNFONEWS” Operativ İnformasiya Agentliyi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının birgə təşkilatçılığı ilə “Diqqət Mərkəzi: ŞƏHİDLƏR” layihəsinin bugünki həmsöhbətimiz Şəhid Vüsal Allahverdiyevin əmisi Mahir Allahverdiyevdir.
Vüsal Allahverdiyev16 avqust 1988-ci ildə Qubadlı rayonunda anadan olub. İlk təhsilinə Sumqayıt şəhəri 23 saylı tam orta məktəbdə başlasa da, daha sonra Qubadlı rayon 2 saylı tam orta məktəbə (2004–2006-cı illər) keçirilir. Ali təhsilini Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə və kredit” fakültəsində (2006–2010-cu illər) alır.
Əmək fəaliyyətinə “UNİBANK” Kommersiya Bankında İstehlak krediti üzrə aparıcı mütəxəssis vəzifəsində başlayır (2012–2015-ci illər). Daha sonra “Kontakt Home” Mağazalar şəbəkəsində kredit mütəxəssisi kimi çalışır. 2020-ci ildən isə Kapital Bank “Birkart Bank olmayan Kredit Təşkilatı” MMC-nin 20 saylı filialının müdürü vəzifəsində işləyir.
Mahir müəllim qeyd etdi ki, Vüsalın atası Tahir Qafar oğlu Allahverdiyev Birinci Qarabağ müharibəsi veteranıdır.
Vüsal atası kimi uşaqlıqdan vətənərvər olub. Vüsal 5 yaşına qədər Qubadlı rayonunda olduğu üçün hər zaman Qubadlıya can atıb, o yerləri təkrar görmək istəyirdi, “Qubadlı” adı çəkiləndə elə bil ürəyi dayanırdı.
Vüsal kiçik yaşlarından atasının, dayısının, əmisinın müharibə söhbətləri, Vətən xatirələri ilə böyüyüb, elə idealı da torpaq uğrunda döyüşlərdə fədakarcasına vuruşan igidlər idi, müharibədə iştirak edən atası və qohumları ilə həmişə fəxr edirdi.
Əmisi xatırlayır ki, Vüsal 2-ci sinifdə oxuyanda orta məktəb tədbirlərinin birində Şəmistan Əlizamanlının “İgid Əsgər, möhkəm dayan!” mahnısını ifa edib. Vətənpərvərlik mövzusunda mahnı və musiqilərini xüsusi rəğbətlə dinləyirdi.
Vüsal Allahverdiyev 2010–2011-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçir. O, 12 iyul 2020-ci ildə başlayan Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimov şəhid olduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Qubadlı rayon şöbəsinə müraciət edərək könüllü olaraq cəbhəyə yazılır.
Azərbaycan Ordusunun əsgəri olan Vüsal Tahir oğlu Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində həmin ilin 1 oktyabr tarixindən könüllü olaraq iştirak edir. Füzulinin, Cəbrayılın və Xocavəndin azad edilməsi uğrunda və Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə vuruşur.
30 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olur. Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlahm Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Şəhidimizin əmisi Mahir Allahverdiyev qeyd etdi ki, Vüsalla sonuncu dəfə 28 oktyabrda əlaqə saxladıq. Vüsalı bircə dəfə yuxuda görmüşəm və onda da yuxumda maşınını sürmək istədiyini bildirdi.Kaş ki, Vüsalı hər gün yuxumda görərdim.
Görüşün sonunda Mahir müəllim Azərbaycanın Şəhid ailələrinə üzünü tutaraq dedi:
“Övladlarımızı yanımızda görməmək olduqca ağırdır. Amma Şəhidlərimizlə həmişə fəxr edin. Çünki onlar bizim üçün, gələcək nəsillərin üzüağ yaşaması üçün canlarından keçiblər”