“Qarabağ”ın baş məşqçisi: “Matça qələbə üçün çıxmışdıq”
“İNFONEWS” xəbər verir.
Mən daha çətin oyun gözləyirdim. Rəqibi qiymətləndirməmək olmaz. Qarşıdakı matçlarda da bu cür çıxış etməliyik.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Kiprdə “Omoniya”ya 4:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup oyunundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis əzmkar mübarizəyə görə futbolçularına təşəkkür edib: “Yaxşı mübarizə apardıq. Düzdür, ilk hissədə hesabda geri düşdük. Amma futbolçular sonadək mübarizə apardılar. Rəqibə gələcək oyunlarda uğurlar arzulayıram”.
Qurbanovun sözlərinə görə, ilk hissədə də kifayət qədər qol imkanları olub: “Sadəcə, standart vəziyyət zamanı ani diqqətsizlikdən qol buraxdıq. Halbuki oyunçulara daha diqqətli olmağı tapşırmışdıq. İkinci hissədə ruhdan düşmədik, meydanda qələbə üçün çıxdıq. İkinci yarı daha sürətli alındı və hücumlarımız kəsərli alındı”.