Peşəkar Tennisçilər İttifaqı yeni reytinq cədvəlini açıqlayıb
“İNFONEWS” xəbər verir.
Peşəkar Tennisçilər İttifaqı (ATP) ötən həftə başa çatan San-Dieqo və Sofiya turnirlərinin nəticələrinə əsasən yeni reytinq cədvəlini açıqlayıb.
San–Dieqo açıq turnirinin qalibi olan norveçli Kasper Ruud bu uğurdan sonra ilk onluqda bir pillə irəliləyərək səkkizinci sırada qərarlaşıb. Sofiyada qələbə qazanan italiyalı Yannik Sinner də bir pillə irəliləyib. O, yeni reytinq siyahısında “Top-10”a daxil olub.
Serbiyalı Novak Cokoviç (8370) birinci pillədəki yerini yeni reytinq siyahısında da qoruyub. Rusiyalı Daniil Medvedev (6380) ikinci, yunanıstanlı Stefanos Sisipas (5470) isə üçüncüdür. Siyahıda 4-7-ci yerlərin sahibləri dəyişməyib. Belə ki, bu yerlərdə müvafiq ardıcıllıqla almaniyalı Aleksandr Zverev (4915), rusiyalı Andrey Rublev (4120), italiyalı Matteo Berrettini (3955) və “Böyük Dəbilqə”nin dördqat qalibi ispaniyalı Rafael Nadal (2985) qərarlaşıblar. İlk onluğu Kasper Ruud (2925), polşalı Hubert Hurkaç (2775) və Yannik Sinner (2505) tamamlayıblar.
Qadın tennisçilərin reytinq cədvəlində isə ilk üç yerin sahibləri dəyişməyib. Çikaqodakı turnirin qalibi olan ispaniyalı Qarbinye Muquruza (3141) iki pillə irəliləyərək altıncı yeri tutub. İlk onluğu tərk edən rusiyalı Anastasiya Pavluçenkonu (2385) belçikalı Eliza Mertens (2438) əvəzləyib.
Yeni reytinq cədvəlinə dünyanın bir nömrəli raketka ustası Eşli Barti (Avstraliya, 6411) başçılıq edir. İkinci yerdə Belarus təmsilçisi Arina Sobolenko (4669), üçüncü pillədə isə çexiyalı Barbora Kreyçikova (4398) qərarlaşıblar. Çexiyalı Karolina Plişkova (3972) dördüncü, bir pillə irəliləyən yunanıstanlı Mariya Sakkari (3147) isə beşincidir. Polşalı İqa Şventek (3106), yaponiyalı Naomi Osaka (2771) və tunisli Ons Jaber (2685) “Top-10”da müvafiq olaraq 7-9-cu yerlərdə qərarlaşıblar.
Qeyd edək ki, yeni reytinq siyahısında ilk 8 yeri tutan tennisçilər ilin son hesabat turnirində iştirak etmək hüququ qazanıblar.