“Diqqət Mərkəzi: ŞƏHİDLƏR” – Şəhid Elvin Məmmədov
“İNFONEWS” təqdim edir.
Azərbaycan Gənclik Platformu (AGP), “İNFONEWS” Operativ İnformasiya Agentliyi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının birgə təşkilatçılığı ilə “Diqqət Mərkəzi: ŞƏHİDLƏR” layihəsinin bugünki qonağı Şəhid Elvin Məmmədovun anası Tahirə xanımdır.
Elvin Mahmud oğlu Məmmədov 1992-ci il 3 oktyabrda Zaqatala şəhərində anadan olub. O, ailədəki üç qardaşın ən kiçiyi idi. Zaqatala rayon Şıxəli Qurbanov adına 3 saylı orta məktəbin 1-ci sinfinə 1999-cu ildə gedərək, 2010-cu ildə elə həmin məktəbi bitirir. 2010-2014-cü illərdə Gürcüstan Respublikasının Şərqi Avropa İnstitunun Maliyə-kredit fakültəsində ali təhsil alır. Vətənə bağlılığı uşaqlıq illərindən aşkar idi.
Ali təhsilini uğurla başa çatdırdıqdan sonra 2014-cü ildə hərbi xidmətə çağrılır. Hərbi xidmət zamanı orada fəal snayperçi olur. Peşəkar snayperçi olması üçün əlavə təhsil alır, həmçinin xüsusi təyinatlılar kursunu müvəffəqiyyətlə başa çatdırır. Hərbi xidmətdə göstərdiyi nailiyyətlərinə görə dəfələrlə fəxri fərmanlar və təşəkkürnamələr ilə təltif edilir. 2015-ci ildə həqiqi hərbi xidmətini başa çatdırır. Lakin Vətənə sevgisi onu yenidən 2020-ci il sentyabrın 21-də könüllü olaraq hərbi xidmətə qaytarır. Elvin sentyabr ayının 27-də Vətən müharibəsi başlayan kimi döyüşlərə qatılır. Qızğın döyüşlər zamanı ön cəbhədə qəhrtəmancasına vuruşur.
Oktyabrın 14-də günorta Elvin anası ilə sonuncu dəfə danışır: “Ana, məndən nigaran olma, Vətən bizimdir! Biz Vətən üçün canımızdan, qanımızdan keçib torpaqlarımızı geri almalıyıq. Ana can, gedirəm! Gedən yoldur, dönən yol deyil; kəfənimizi cibimizə qoyub gedirik… Ana, özünə yaxşı bax!”
15 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanan əsgər yoldaşlarını döyüş bölgəsindən çıxararkən, Elvin Məmmədov özü də qəhrəmancasına şəhid olur.
Tahirə xanım söhbət əsnasında söylədi ki, Elvini Qələbə günü yuxusunda görub. “Gördüm hərbi paltarında gəlib, əlində qızılgül dəstəsi ilə məni oyatmağa çalış. Və deyir ki, Ana, oyan! Biz qələbə qazandıq! Ayıldım ki oğlum yoxdu…” – deyə, kövrəldi.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Məmmədov Elvin Mahmud oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.
Tahirə Məmmədova üzünü Azərbaycanın Şəhid analarına tutaraq dedi:
“Küçədə başınızı dik tutun, Şəhid anaları! Şəhid oğullarımızın qanı yerdə qalmayıb!”
Şəhidlər vurulanda ölmür, unudulanda ölür!