Təyyar Bayramov Sami Yusif ilə Dubaydakı birgə konsertindən danışdı

Təyyar Bayramov Sami Yusif ilə Dubaydakı birgə konsertindən danışdı

“İNFONEWS” xəbər verir.

Oktyabrın 22-si və 23-də əməkdar artist Təyyar Bayramov  məşhur Azərbaycan əsilli müğənni Sami Yusif ilə birgə Dubayda “Expo 2020” tədbirləri çərçivəsində konsert pr0qramı ilə çıxış ediblər.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən yeni təsis edilmiş Ərəb ölkələri və Birləşmiş Ərəb Əmirlikiləri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının üzvü Nuranə Hüseynovanın təşkilatçılığı ilə soydaşlarımız “Ulduzların arasında” konsertində iştirak ediblər.

Konsertdən sonra Təyyar Bayramov və Sami Yusif xaricdə yaşayan sordaşlarımız ilə görüşüb, “İNFONEWS” komandasının suallarını cavablandırıb.

Müsahibəni olduğu kimi təqdim edirik:

“İNFONEWS”: – Təyyar müəllim, Sami Yusiflə birlikdə konsert vermək ideyası necə yarandı? Zəhmət olmasa, bu haqda qısaca da olsa danışardınız?

Təyyar Bayramov: – Bu bizim Sami bəylə artıq 3-cü iş birliyimizdir. Birinci dəfə, Azərbaycanda UNESCO-nun 43-cü sesiyasının açılış konsertində “Nəsimi kompazisiyası”nı birgə ifa etdik və deyərdim ki, çox möhtəşəm və uğurlu alındı. Və dünyaşöhrətli azərbaycanlı ifaçı Sami Yusiflə birlikdə çalışmaq mənim üçün çox xoş oldu. Hazırda başqa bir ortaq işimiz üzərində,  işğaldan azad olunmuş ərazilərimizlə bağlı layihə üzərində işləyirik ki, yaxın zamanlarda ərsəyə gələcəkdir.

Elə bu ərəfədə Dubayda keçirilən “Ekspo 2020” ilə bağlı Sami bəydən dəvət gəldi. Böyük məmnuniyyətlə mən bu təklifi qəbul etdim. Konsertə ciddi hazırlaşdıq, Azərbaycanda olanda onlayn, burda da isə canlı məşqlər keçirdik. Hindistandan, Pakistandan, Türkiyədən, Marokkadan, Çindən gələn peşəkar musiqiçilər, sənətkarların iştirak etdiyi konsertdə tamaşaçılar bizim ifamızı olduqca gözəl qarşıladı. Çox sadam ki, bizimlə birgə iştirak edən Sami bəyin seçdiyi bütün musiqiçilər onun etimadını doğrultdu və düşünürəm ki, yaddaqalan bir konsert alındı.

“İNFONEWS”: – Konsertdə belə çətin, yəni Hindistan, Ərəb və digər ölkələrə məxsus musiqilərdən istifadə edərək, kompazisiyanın improvizasiyası təqdim edildi. Bu mürəkkəb əsəri necə ərsəyə gətirə bilmisiniz?

Təyyar Bayramov: –Bütün musiqilərin bəstəsi Sami Yusifə məxsusdur. O, konsertdə həm bəstəkar, həm də ifaçı idi, biz də onun bu layihəsinə, seçdiyi üsluba diqqət etdik. Bununla belə qeyd etməliyəm ki, Sami bəy hər birimizin fikirinə hörmətlə yanaşır və təkliflərimiz, fərqli yanaşmalarımız üçün şərait yaradır.

“İNFONEWS”: – Sizin komandanızdan Azərbaycandan kimisə gətirmisiniz?

Təyyar Bayramov: – Konsertdə iştirak edən hər kəsi Sami bəy şəxsən özü dəvət edib. Məsələn, balaban ifaçısı əməkdar artist Şirzad Fətəliyev, kaman ifaçısı əməkdar artist Toğrul Əsadullayev və onun komandası, eləcə də xor ifaçılarımız buradadırlar və bütün heyəti Sami bəy bir-bir dəvət edib.

“İNFONEWS”: – Niyə Nəsiminin əsərlərindən başqa Azərbaycanın digər məşhur musiqi əsərləri ifa edilmədi?

Təyyar Bayramov: – Sami Yusif Azərbaycanın digər məhşur musiqi əsərlərini özü digər konsertlərində ifa edib. Onun konsertlərinə nəzər saldıqda daha fərqli ifalarla qarşılaşırıq. Bu layihəyə isə bu ifaları uyğun görüb. Konsert Azərbaycanda və Azərbaycan üçün olsaydı, yagin ki, məsələn, “Sarı Gəlin”i ifa etmiş olardı. Bu, beynəlmiləl bir tədbir olduğu üçün məhz belə bir repertuarı seçib.

“İNFONEWS”: – Təyyar müəllim, Müzəffər Ordumuzun və Ali Baş Komandanımızın Şanlı zəfəri sayəsində işğal edilmiş torpaqlarımız azad oldu. Bildiyimiz kimi, 29 ildən sonra doğma kəndinizə gedə bildiniz. Doğma Ağdama qayıdanda nə hisslər keçirdiniz? Evinizi tapa bildinizmi?

Təyyar Bayramov: – Biz millət, xalq olaraq həmişə o torpaqlara qayıdacağımıza inanırdıq. Şükür Allaha, Ali Baş Komandanımız, Qüdrətli Ordumuz sayəsində və Şəhidlərimizin qanı bahasına torpaqlarımız düşməndən geri alındı. Bəli, mən də Ağdama getdim. Orada olanda mən həm sevincli, həm də kədərli anlar yaşayırdım. Çünki Ağdamı tarimar gördük. Bu hamımızı çox məyus etdi. Ancaq məsələ burasındadır ki, biz gedib ocağımızı tapmasaq da, torpağımız oradadır. Torpağımızın hər qum dənəsi belə bizim üçün müqəddəsdir. Evimizin bir daşı belə qalmamışdı. Kənardan gördüm ki, bura bizim yaşadığımız yerdir. Mən 15 yaşımadək Ağdamda yaşamışam. Şuşada, Kəlbəcərdə, Laçında çox olmuşam. Mən o rayonlarda böyümüşəm.

Ağdama ustadım Mənsum İbrahimovla getmişdik. Orada olanda anidən bir neçə dəqiqə mən danışa bilmədim, səsim açılmadı ki oxuyam və nitqim batdı. Yalnız bir müddət sonra səsim düzəldi və Mənsum müəllimlə birgə “Qarabağ şikəstəsini” ifa edə bildim.

“İNFONEWS”: – Gələcək yaradıcılığınızda hansı yenilikləri görürsünüz? Yeni planlarınız varmı?

Təyyar Bayramov: – Məhz burada yeni bir layihə haqqında düşündüm; Azərbaycan, Türkiyə və Pakistan birliyini, həmrəyliyini göstərən bir layihə üzərində işləyəcəm. Artıq pakistanlı ifaçı ilə burada tanış olub danışdıq, səsimizə uyğun bir nəfər də Türk müğənni də layihəmizə dəvət edib, üçümüz bir yerdə Azərbaycan mahnısını tərcümə edib, hərəmiz öz dilimizə üç qardaş dövlət olaraq ifa edəcəyik.

“İNFONEWS” komandası adından xalqımızın sevimli sənətkarı Təyyar Bayramova uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir