“Birdən bunları yazarsan ha..? mən belə şeyləri sevmirəm…”
“İNFONEWS” xəbər verir.
Müasirləşən, qloballaşan dünya nə qədər inkişaf etsə də, bir sıra qədim sənətlərə hələ də ehtiyac var. Belə qədim sənət növlərindən biri də çəkməçi, necə deyərlər, pinəçi sənətidir.
Bakıxanov qəsəbəsində yerləşən çəkməçi dükanlarından birində usta Fətulla Kərimov ilə tanış olduq. Əksər pinəçi dükanlarına xas olan səliqəsizlik Fətulla kişinin dükanında yox idi. İki nəfərin çətinliklə yerləşdiyi bu balaca dükanda xüsusi bir aura vardı. Usta yorğun olmasına baxmayaraq, hər kəslə şirin dillə danışır, mehriban sözləri ilə hamını razı salmağa çalışırdı.
Məndən əvvəlki müştərini yola salaraq, iş saatının bitməsinə baxmayaraq, əlimdəki kəməri sökülmüş çantanı görüb, sadəcə, üzümə baxıb dedi ki, əynimi də dəyişmisəm, evə gedirdim… yaxşı gəl keç…
Ustanın bakılı ləhcəsində danışması söhbətimizə xüsusi bir rəng qatırdı.
Usta Fətulla dayının xatirələri çox idi. Söylədiklərindən məlum oldu ki, Bakının məşhur “Sovetski” məhləsində yaşamıb, sonradan buralara köçüb. Əvvəllər zavodda işləyib və artıq 30 ildən çoxdur ki, çəkməçi dükanında çalışır. Söhbət əsnasında gözünün önündən keçənləri böyük sevgi və təəssüflə xatırlaması üzünün ifadəsindəki dəyişikliklərdən duyulurdu.
Usta nədən danışsa da, təkrar-təkrar müharibə söhbətlərinə qayıdırdı. Ordumuzun, Cənab Baş Komandan Prezident İlham Əliyevin, Şəhidlərimizin, qazilərimizin müharibədə göstərdikləri igidliklərdən, fədakarlıqdan danışırdı.
Fətulla dayı qəfldən diksinib sual verdi ki, birdən bunları yazarsan ha..? mən belə şeyləri sevmirəm.
Artıq çantam düzəlmişdi, hazır idi. Ödəniş etmək istəyəndə Usta pulu götürmək istəmədə. Dedi ki, qızım, səninlə o qədər maraqlı söhbətləşdik ki, səndən pul almağa qıymıram.
Pulu sakitcə masaya qoyub çıxdım.