Makron Morrisonu yalançılıqda ittiham edir
“İNFONEWS” xəbər verir.
G20 liderlərinin Romada keçirilən sammiti rəsmi hissəsində qəbul olunan qərar və bəyanatlardan daha çox kuluarlarda baş verən hadisələrlə yadda qalıb. Son vaxtlar Fransayla Avstraliya arasında yaranmış və diplomatik qalmaqal səviyyəsinə çatmış gərginlik burda da davam eləyib. Xarici mətbuatın məlumatına görə, Fransa prezidenti Makron Avstraliyalı jurnalistin ona ünvanladığı “Siz elə hesab edirsiniz ki, Morrison sizi aldadıb, sizə yalan danışıb?” sualına çox kəskin reaksiya verib: “Mən elə hesab etmirəm, mən bunu bilirəm”.
Daha sonra sözünə davam eləyən prezident deyib: “Mən sizin ölkəyə böyük ehtiramla yanaşıram, xalqınıza böyük hörmət və dostluq hissləriylə yanaşıram. Mən sadəcə onu deyirəm ki, əgər bizim ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan münasibətlər hökm sürürsə, siz düzgün danışmalı, özünüzü adekvat aparmalısınız”.
Sammitdə Fransayla münasibətləri tənzimləmək üçün Fransalı həmkarıyla bir neçə qısa görüş keçirmiş Morrison isə Makronun bu ittihamlarını qəbul etməyib və deyib ki, Fransa prezidenti bilməliydi ki, onların dizel yanacağıyla işləyən sualtı qayıqlar bizim tələbatımıza cavab vermirdi və maraqlarımıza uyğun deyildi”.
Xatırladaq ki, iki ölkə arasında münasibətlər Avstraliyanın Fransadan 90 milyard dollarlıq müqaviləni ləğv etməsindən sonra pisləşib. Bunun əvəzinə Avstraliya ABŞ-dan atom sualtı qayıqları almaq barədə müqavilə bağlayıb.