E-Tvininq layihəsinin ilk qonağı ALC prezidenti olub
“İNFONEWS” xəbər verir.
“XXI əsrdə qadınların dəyəri və gender bərabərliyi” mövzusunda e-Tvininq layihəsi çərçivəsində görüş keçirilib.
Azərbaycan və Türkiyənin əməkdaşlığı ilə həyata keçirilən “XXI əsrdə qadınların dəyəri və gender bərabərliyi” e-Tvininq layihəsinin görüşü tələbələr ilə baş tutub.
Layihənin əsas məqsədi qadın hüquqları, onun tarixi təkamülü, inkişafı istiqamətində zəruri biliklərin təbliğinə dəstək olmaq, mövcud problemin əhəmiyyətini vurğulamaq, həmçinin tələbələrin müasir cəmiyyətimizdə gender bərabərliyini təhlil etməkdir. Eləcə də bu mövzu ilə bağlı sualların dolğun cavablandırılmasının zəruriliyidir.
Türkiyənin Dənizli Pınar Baha Abalıoğlu Liseyinin müəllimi Elif Selçuk və Azərbaycanın Şirvan şəhəri B.Aslanov adına 16 saylı tam orta məktəbinin müəllimi Ceyhunə Cəfərlinin təşəbbüsü və əməkdaşlığı ilə təsis edilən bu layihə hər iki ölkənin müxtəlif şəhər və bölgələrindəki təhsil müəssisələrində həyata keçirilir.
Layihə beynəlxalq xarakter daşıyır. Azərbaycanda Kompüter Peşə Liseyindən Arzu Məmmədova, Bakı Zəngi Liseyindən Günay Quliyeva, Albaniyanın “Betim Muco” Liseyindən Tirane Şkolla İrena Biba, Albaniyadan Valbona Reçi Rreshen Peşə Liseyi Faničuska, Xorvatiyanın Strojačarska Tehnička Klassik Lice, “G. Nolfi – Apolloni” di Fano Liseyindən Umane Stefania Binucci, İstanbul Esenyurtdan Mehmet Baş, 15 İyul Şəhidlər Anadolu Liseyi, Bilgecan Tırampaoğlu, Türkiyədə İstanbul Büyükçekme Anadolu Liseyi, həmçinin İstanbul Küçükçekmece Prof. Dr. Sabahattin Zaim Anadolu Liseyindən Aynur Engin və Taner Süren, Antalya Erunal Sosial Elmlər Liseyindən Canan Yıldırım, Malatya Anadolu Liseyindən Mehmet Qorxmaz, Əskişəhər Eti Sosial Elmlər Liseyindən Sədife Demiral, Aydın Fen Liseyindən Keçiören Vatansever Şehit Aydoğan adlı Pınar Erkan layihənin fəal iştirakçılarıdır.
Qeyd edək ki, layihəyə cari ilin oktyabr ayında “Azərbaycan Xanımlar Klubu”nun (Azerbaijani Ladies Club ALC) prezidenti Kəmalə Cəlilovanın “Pandemiya dönəmində qadınlar” mövzusunda təşkil edilən vebinar ilə start verilib. Layihə rəhbəri Elif Selçukun moderatorluğu ilə keçirilən vebinarda Kəmalə Cəlilova iştirakçılara pandemiyanın həssas qruplara, xüsusilə, gənc qız və qadınlara mənfi təsirlərindən, müxtəlif ölkələrin həyat tərzi, mədəniyyətindən nümunələr gətirərək, COVID -19 pandemiyası zamanı psixoloji gərginliyə qarşı mübarizə yolları və dünyada bu istiqamətdə görülən işlərdən danışıb. Sonda ALC prezidenti tələbələrin suallarını cavablandırıb.