Cənubi Koreyada koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb

Cənubi Koreyada koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb

“İNFONEWS” xəbər verir.

Cənubi Koreyada ötən sutka COVID-19 virusuna 3 min 292 yoluxma faktı qeydə alınıb. Bu, Cənubi Koreyada indiyədək qeydə alınan ən yüksək sutkalıq yoluxma sayıdır.

Yonhap agentliyinin məlumatına görə, yoluxmaların əsas hissəsi paytaxt Seulda və ətrafındakı İnçon şəhərində qeydə alınıb. Mütəxəssislər Cənubi Koreyada yoluxmaların son günlər davamlı çoxalmasının noyabrın 1-dən ölkədə karantin rejiminin yumşaldılması ilə bağlı olduğunu bildirirlər. Belə ki, ayın əvvəlindən ictimai iaşə və mədəniyyət müəssisələrində iş saatı və müştəri sayı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Bu da öz növbəsində yeni yoluxma ocaqlarının yaranmasına səbəb olub.

Ümumiyyətlə, Cənubi Koreyada iyulun 7-dən başlayan pandemiyanın sonuncu və ən ağır dalğası səngimək bilmir. Epidemiya əleyhinə tədbirlər sutkalıq yoluxma sayını nəzarət altına almağa imkan verməyib. Amma hökumət əvvəlcədən elan etdiyi kimi tam peyvənd olunanların sayı ölkə əhalisinin 70 faizinə çatdıqdan sonra karantin rejiminin yumşaldılmasına start verib. Bildirilir ki, hökumət gələn il fevralın sonunadək karantin rejimini yumşaldaraq normal həyatın bərpasına nail olmağı hədəfləyib. Amma səhiyyə ekspertləri hazırki epidemik vəziyyətin həmin hədəfə çatmağa mane olacağını düşünür. Cənubi Koreyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzi karantin rejiminin daha da yumşaldılmasının mümkünlüyü ilə bağlı araşdırmalara başlayıb. Bundan başqa, ağır xəstələrin sayının çoxalması xəstəxanalarda bu cür pasiyentlər üçün çarpayı sayı çatışmazlığını yaradacağı da proqnozlaşdırılır.

Qeyd edək ki, 52 milyon əhalisi olan Cənubi Koreyada COVID-19 virusuna qarşı vaksinasiya prosesi çərçivəsində indiyədək 40,31 milyon nəfərə hər 2 doza peyvənd vurulub. Bununla da, tam peyvənd olunanların sayı ölkə əhalisinin 78,5 faizini ötüb. Hökumət pandemiya mübarizə çərçivəsində vaksinasiyanın sürətləndirilməsini, xüsusilə risk qrupundan olanlara buster dozanın vurulmasını təşviq edir. Bu istiqamətdə risk qrupundan olanlar üçün 2-ci və 3-cü doza arasındakı zaman intervalı 6 aydan 4 aya endirilib.

(AZƏRTAC)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir