Misirdə “AZƏRBAYCANI KƏŞF ET !” rəsm müsabiqəsi keçirilib
“İNFONEWS” xəbər verir.
Azərbaycan Diasporunun Misirdəki sədr müavini, “El Hedaya Co” şirkətinin səhmdarı Səda Əliəşrəfın dəstəyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Misir üzrə koordinatoru Səbinə Səmədovanın təşkilatçılığı ilə ilk dəfə Misirin Qahirə şəhərində “AZƏRBAYCANI KƏŞF ET !” rəsm müsabiqəsi keçirilib.
Müsabiqəyə 3 minə yaxın misirli tələbə və şagird qatılıb.
Tədbirdə ərəb dilində nəşr edilmiş “Qarabağ, Azərbaycan” kitabın təqdimatı keçirilib. Kitabın müəllifi Səbinə Sultan qeyd edib ki, müsabiqə qaliblərinın şəkilləri və rəsm əsərləri kitabda yer alıb. Daha sonra misirli qız Zina Mustafa Dərvişin azərbaycanca görkəmli şair Səməd Vurğunun “Azərbaycan” şeirini söyləməsi qonaqlar tərəfindən alqışla qarşılanıb.
Müsabiqənin 10 qalibi “El Hedaya Co” şirkəti tərəfindən şəhadətnamə və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Azərbaycanın Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev “AZƏRBAYCANI KƏŞF ET !” rəsm müsabiqəsini yüksək qiymətləndirərək, ilk onluqda olan gənc rəssamların sərgisinin Azərbaycan Respublikasının Misirdəki səfirliyi nəznində keçirilməsinə şərayət yaradıb.
Diasporun ən fəal üzvü gənc alim-ixtiraçı, beynəlxalq “İntel İSEF” laureatı Sandi Salem “Azərbaycan xalqı üçün bu il çox önəmli bir ildir. Zəfər qazandığımız və illərcə həsrətində olduğumuz Azərbaycanın ürəyi sayılan Qarabağımız geri qaytarılıb. Qarabağ Azərbaycanındır” – söyləyərək, misirli dostları Qarabağa dəvət edib.
Qeyd edək ki, müsabiqənin münsiflər heyətinin üzvləri Misirin tanınmış rəssamı, professor Məhəmməd Nacib, “Sabahın alimləri cəmiyyəti”nin rəhbəri Dr. Heba Mahmud olub.
“AZƏRBAYCANI KƏŞF ET !” müsabiqəsi həm yerli misirlilərin, eləcə də Misir mediasının böyük marağına səbəb olub.
Qeyd edək ki, “AZƏRBAYCANI KƏŞF ET !” rəsm müsabiqəsinin növbəti illərdə də keçirilməsi nəzərdə tutulur.