Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri mükafatlandırılıb
“İNFONEWS” xəbər verir.
Nizami Kino Mərkəzində keçirilən 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalına yekun vuruldu.
“CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il də Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşıb. Festivala Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” Kinostudiyası, Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, “Öz Film” şirkəti, “British Council” dəstək verib.
Festivalın mükafatlandırma və bağlanış mərasimində münsiflər heyətinin üzvi Erdem Tepegöz çıxış edərək festivalda bir-birindən maraqlı filmlərin nümayiş olunduğundan məmnunluğunu ifadə etdi.
“CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamiyev festivalın gedişi haqqında qısa məlumat verib. Bildirib ki, 5 aydır festivalın uğurla keçməsi üçün böyük bir komanda çalışır. 3 ildir ki, festival böyük formatda keçirilir.
Qeyd edilib ki, festivalın beynəlxalq proqramına 18 ölkədən 30 film, yerli proqrama isə 26 ekran işi daxil edilmişdi. Filmlər beş gün müddətində Nizami Kino Mərkəzində nümayiş olunub. Festivalda, həmçinin “British Council” ilə əməkdaşlıq nəticəsində Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) mükafatı uğrunda 2020-2021-ci illərdə nominant və qalib olmuş dörd film müsabiqədənkənar yerli tamaşaçılara təqdim olunub.
Beynəlxalq müsabiqə proqramında yarışan qısa filmləri tanınmış yazıçı-publisist, ssenarist Orxan Fikrətoğlu, Avropa Kino Akademiyasının üzvü, Ukrayna Film Akademiyasının həmtəsisçisi, kinoprodüser Yuliya Sinkeviç, Avropa Kino Akademiyasının üzvü, Paliç Avropa Film Festivalının (Serbiya) proqram direktoru, kinoprodüser Miroslav Moqoroviç və türkiyəli rejissor, ssenarist Erdem Tepegözdən ibarət münsiflər qiymətləndirib.
Yerli müsabiqənin münsiflər heyətində şair, tərcüməçi Səlim Babullaoğlu, Xalq artisti Mehriban Zəki, kinorejissor Elməddin Alıyev yer alıb.
Mədəniyyət Nazirliyinin şöbə müdiri Rüfət Həsənov bildirib ki, nazirlik gələcəkdə də festivala dəstəyini əsirgəməyəcək. Nazirliyin kinonun inkişafına xüsusi diqqət yetirdiyini vurğulayan natiq deyib ki, kino mədəniyyətin vacib sahələrindən biridir: “Biz istəyirik ki, bu festivallar ölkəmizdə kino sənayesinin inkişafına öz töhfəsini versin. Gələn il festivalı daha geniş keçirmək niyyətindəyik”.
Sonra festivalın müxtəlif nominasiyalar üzrə “Qızıl nar” mükafatları təqdim edilib.