SOCAR 1500-dən çox işçinin ixtisara düşməsi barədə yayılan məlumatlara münasibət bildirib

SOCAR 1500-dən çox işçinin ixtisara düşməsi barədə yayılan məlumatlara münasibət bildirib

SOCAR 1674 işçisinin ixtisara düşməsi barədə yayılan məlumatlara münasibət bildirib.

“İNFONEWS” Trend-ə istinadən xəbər verir ki, SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Facebook” səhifəsində yaydığı açıqlamada bildirib ki, kadr dəyişiklikləri ilə bağlı zaman-zaman istifadə olunan məfhumlardan biri də “sərbəstləşən” və ya “sərbəstləşdirilən işçilər” anlayışıdır.

”Əslində isə SOCAR-ın daxili məlumat mübadiləsində və ictimaiyyətə verilən açıqlamalarda bəzən istifadə olunan bu məfhum Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanununda təsbit olunub: “1.1.19. sərbəstləşdirilən işçilər – dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil olunması, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilmiş şəxslər”. Əlbəttə, insanların – zərurət ucbatından olsa belə – işsiz qalması sevindirici bir hal deyil. Məhz buna görə SOCAR öz sosial məsuliyyəti nəticəsində (qanunvericilik bunu SOCAR-dan tələb etməsə də), sərbəstləşdirilən və ya işsiz qalan işçilərinə şirkət daxilində başqa iş yerləri təklif edir”, – İ. Əhmədov qeyd edib.

O, həmçinin əlavə edib ki, bu layihə çərçivəsində, sərbəstləşən işçilərə (işləməsələr belə) son aldıqları ortalama aylıq əmək haqqının 50%-nin hər ay ödənilməsi təklif olunur.

Həmin müddətdə isə şirkət həmin sərbəstləşdirilmiş (və ya fəaliyyətsiz qalmış) işçilərinə daxili vakansiyalar təklif edir və onların mümkün qədər tez yenidən işə qəbul olunması üçün kənardan işə qəbulu məhdudlaşdırılır.

“Mən aşırı pafosun tərəfdarı deyiləm, ancaq bu, sadəcə bir həqiqətdir ki, bildiyim qədər, başqa şirkətlərin mütləq əksəriyyəti özlərinin ixtisara düşən işçiləri üçün belə bir şərait yaratmır”, – İ.Əhmədov əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir