“Omikron” ştammının daha yoluxucu olub-olmadığı hələ məlum deyil – ÜST
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hələ ki, “omikron” ştammının koronavirusun digər variantlarından daha yoluxucu olduğuna dair məlumatı yoxdur.
“İNFONEWS”-un məlumatına görə, bu barədə ÜST-nin Cenevrədəki mənzil qərargahının yeni ştammla bağlı yenilənmiş məlumatlarında deyilir.
Məlumatda bildirilir: “Omikron” ştammının “delta” variantı da daxil olmaqla digər variantlarla müqayisədə daha yoluxucu (yəni insandan insana daha asan keçən) olub-olmadığı hələ aydın deyil”.
Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına “omikron” adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.
Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıblar.