Dünya şöhrətli fotoqrafın 28 illik arzusu çin oldu: “Azad Şuşada ilk çay…” – FOTO

Dünyaca məşhur fotoqraf Reza Deqati 28 ildən sonra yenə Şuşadan paylaşım edib. Amma bu dəfə azad Şuşadan.

İNFONEWS “oxu.az”a istinadən xəbər verir ki, fotoqraf “Twitter” və “Instagram” hesablarından fotonu elə bu adla paylaşıb.

“28 il əvvəl Şuşada çay içdim. Həmişə şəhərə qayıtmaq və yenidən çay içmək istəyirdim. Nəhayət, oraya qayıtdım və Xankəndiyə baxan ən yüksək təpənin başında çay içdim”, – deyə o qeyd edib.

Fotoqraf 28 il əvvəl Şuşa ilə bağlı xatirələrini də yazıb:

“1992-ci ilin aprelində Şuşadan çıxanda erməni qüvvələri tərəfindən mühasirəyə alındım və snayperlərin atəşi altında çox çətin dağ keçidini piyada keçməli oldum. Üç dəfə onlardan yayına bildim.

Şəhərdən çıxmazdan əvvəl mənə kömək edən və bələdçim olmuş döyüşçülərdən ikisi ilə son çay içmək istədim. Onlardan biri komandir Ramiz Qənbərov idi. Sonradan döyüşdə şəhid olduğunu və Milli Qəhrəman adını qazandığını öyrəndim. Şəhər 8 mayda erməni hərbçilərinin əlinə keçdi”.

Deqati bildirib ki, 2021-ci ilin ilk günündə ən böyük arzusu sülhün qalıcı olmasıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir