Ülvi Mehdiyev: Yeni mərkəzlər açıldıqda könüllülük fəaliyyətilə məşğul olanlara daha çox üstünlük verəcəyik
Bu gün Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan Respublikası Gənclər Fondunun, Gənclər və İdman Nazirliyin və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Könüllülərinin lV Həmrəylik Forumu keçirilir. Bilirsiniz ki, “ASAN xidmət”lə başlayan könüllülük bütün dövlət orqanlarımızda, təşkilatlarımızda böyük vüsət alıb.
“İNFONEWS” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, hər bir ictimai təşkilatda, dövlət qurumlarında böyük könüllü ordusu yaranıb: “Bugünki əlamətdar gündə könüllülərin həmrəyliyi dövlətimizə, cəmiyyətimizə çox böyük fayda verir. Gənclərimiz könüllülüklə ən nəcib xüsusiyyətlərini göstərərək insanlara yardım edirlər. Bu günə qədər “ASAN xidmət”də 28 minə yaxın könüllü olub. Onlardan 3 mini işlə təmin edilib. “ASAN xidmət”də yeni mərkəzlər açıldıqda biz gənclərin könüllülük fəaliyyətlərini nəzərə alıb, onlara daha çox üstünlük verəcəyik. Ümumilikdə könüllülər məhz elə gənclərdir. Gənclərin də işlə təmin olunması dövlətin əsas prioritetlərindən biridir. Bu istiqamətdə də müəyyən proqramlar həyata keçirilir ki, gənclər işlə təmin olunsun”.