7 dekabr Beynəlxalq Mülki Aviasiya Günüdür

7 dekabr Beynəlxalq Mülki Aviasiya Günüdür

“İNFONEWS” xəbər verir.

BMT Baş Məclisi tərəfindən “7 dekabr – Beynəlxalq Mülki Aviasiya Günü” elan olunub.

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2006-cı il 29 dekabr tarixli Fərmanı ilə yaradılıb və mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Azərbaycanda ilk mülki hava reysi 1921-ci ildə poçt-sərnişin təyyarəsində həyata keçirilib. Lakin hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündən başlayaraq aviasiya sahəsində bir sıra işlər görülüb. Azərbaycan mülki aviasiyasında ilk dəfə 1923-cü il avqustun 8-də “Yunkers” təyyarəsi ilə sərnişin daşınmaları həyata keçirilib. Ölkəmizdə ilk hava limanı isə 1931-ci ildə Binə qəsəbəsinin yaxınlığında tikilib və 2 ildən sonra istifadəyə verilib.

1970-ci illərdə-ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə respublikada mülki aviasiyanın inkişafı üçün böyük işlər görülüb. O illərdə 11 rayonda, həmçinin Naxçıvanda, Gəncədə, Lənkəranda və Dağlıq Qarabağda YAK-40 reaktiv təyyarələrinin qəbul edilməsi üçün süni örtüklü uçuş-enmə zolaqları istifadəyə verilib.

1992-ci ildə Azərbaycan Hava Yolları Dövlət Konserni yaradılıb. Ümummilli lider Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı mülki aviasiyamızın tarixində yeni eranın başlanğıcı olub ki, 1994-cü ildə Mülki Aviasiya Mərkəzinin bazasında Milli Aviasiya Akademiyası yaranıb. Bu gün akademiyada peşəkar kadrlar-təyyarəçilər, aviasiya mühəndisləri, uçuşların təminatı üzrə mütəxəssislər hazırlanır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə mülki aviasiyanın infrastrukturunun yenidən qurulması istiqamətində ciddi layihələr həyata keçirilib. Qəbələdə, Zaqatalada yeni hava limanları tikilib istifadəyə verilib, sərnişinlərə xidmət etmək üçün ən müasir təhlükəsiz təyyarələr alınıb.

Azərbaycan Hava Yolları QSC Avropa, MDB, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımaları həyata keçirir. İndi Azərbaycan Hava Yolları QSC Azərbaycanın Milli Daşıyıcısı kimi Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasında (İATA) layiqli yer və MDB ölkələrinin aviaşirkətləri arasında lider mövqe tutur.

Bu gün Azərbaycanın aviasiya işçiləri ölkəmizi dünyanın müxtəlif qitələri ilə birləşdirən hava marşrutlarında sərnişinlərə nümunəvi xidmət göstərirlər.

Qeyd edək ki, Azərbaycanda “Mülki Aviasiya Günü” 2 iyun tarixindədir. Bayramın məhz iyunun 2-də keçirilməsi isə Azərbaycanda ilk aviasiya qrupunun həmin gün yaradılması ilə əlaqədardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir