“Bu müqəddəs yolun yolçusu olmaq bizlərə şərəfdir”
5 dekabr hər bir ictimai fəal gəncin, eləcə də azərbaycanlı gənclərin ən önəmli günlərindən biri kimi qeyd edilir. Çünki 5 dekabr Beynəlxalq Könüllülər Günüdür.
Artıq uzun illərdir ki, könüllülər ölkənin sosial-ictimai həyatının bir çox sahələrində aktiv fəaliyyət göstərərək, keyfiyyətli işlər ortaya qoyurlar. Respublikanın ən aparıcı sferalarında çalışan könüllülərin COVİD-19 pandemiyası dönəmində və ələlxüsus da, 44 günlük Vətən müharibəsi dövründə fədakarcasına həm Ali Baş Komandan, cənab Prezidentin, həm Müzəffər Azərbaycan Ordusunun, həm də xalqın yanında olaraq, davamlı xidmətlərini sərgilədi.
Məhz bu gün Azərbaycan könüllüləri sırasında əzmlə dayanan UNEC könüllüləri də 2 ilə yaxın bir zamanda böyük peşəkarlıq və sevgi ilə fəaliyyət göstərir.
UNEC könüllüləri UNEC rəhbərliyinə hər bir akademik və sosial işlərdə dəstək olub. Bu fəaliyyətlərə distant imtahanların keçirilməsi qaydaları barədə tələbələrin suallarının cavablandırılması üçün görüşlərin, canlı yayımların həyata keçirilməsi, whatsapp qrupları və mail vasitəsilə daxil olmuş müraciətlərin tam cavablandırılması təmin olunub, UNEC-də təşkil olunmuş Beynəlxalq konfranslara, UNEC KİM-ə elektron kitabların hazırlanmasında dəstək göstərilməsi üçün könüllülər cəlb ediliblər. Davamlı olaraq, tələbələr üçün karantin qaydalarına riayət edilmənin vacibliyi haqqında silsilə çağırış tədbirləri həyata keçirilib və paylaşımlar edilib.
Hər bir vətənpərvər azərbaycanlı kimi Müzəffər Ordumuza dəstək mövzusunda silsilə tədbirlər həyata keçilib. Sosial mediada informasiya müharibəsinin (Vətən müharibəsi zamanı) aparılmasında geniş iştirak təmin edilib. Gənclərin Ali Baş Komandana dəstək məktublarının layihəsi həyata keçirilib. AR Nəqliyyat, Rabitə və Yuksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “eSAS” könüllülük proqramına tələbələrin cəlb edilməsi təmin edilib. Aktuallığı ilə Respublikada geniş əks-səda yaradan UNEC 24/7 Kitabxanasının “Qarabağ kitabxanaları” layihəsi həyata keçirilib. UNEC Şəhidlərinin tanıdılması, xatirələrinin əbədiləşdirilməsi, qazi və əsgərlərə qayğının göstərilməsi istiqamətində silsilə tədbirlər və eləcə də, saymaqla bitməyən təlim,vebinar, maarifləndirici-məlumatlandırıcı seminarlar təşkil edilib.
Bu gün bizlərə məlumdur ki, biz Qalib Azərbaycanın Qalib Gəncləriyik və qarşımızda olduqca ciddi işlərin görülməsi durur. Qeyd etməliyik ki,bizləri qalib edən, əsl könüllülük işi göstərərək tarix yazmış və adlarını tarixə qızıl hərflərlə yazmış Vətənin könüllüləri olan Şəhidlərimiz bizə bu yolun nə qədər müqəddəs olduğunu bir daha sübut etdilər. Bu müqəddəs yolun yolçusu olmaq isə bizlərə şərəfdir.
Əziz könüllülər, hamımızı 5 Dekabr Beynəlxalq Könüllülər Günü münasibəti ilə təbrik edir, gələcək karyeranıza bizimlə birgə könüllü kimi addım atmağınızı böyük sevinclə qarşılayaraq, hər birinizə uğurlar arzulayıram.
Orxan Vəliyev
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) fəaliyyət göstərən
“UNEC Könüllüləri” Təşkilatının layihə rəhbəri